İnsan cinsi azadlıqdan əxlaqi qadağalara uzanan yolun yolçusudur.
İnsan təbiətdə yaşayanda zəif halqa idi, sürəkli doğub-törəməliydi ki, itkilərinin yerini doldursun, nəslini kəsilməyə qoymasın. Cinsi azadlıq ona buna görə lazım idi.
Tüklü-müklü əcdadlarımızın cinsi azadlıqdan başqa heç bir azadlığı yox idi.
Təbiətdən ayrılandan sonra bu cinsi canfəşanlığa ehtiyac qalmadı və doğuş üzərində əxlaqi bir nəzarət sistemi yaradıldı.
Yunqun kollektiv təhtəlşüur və arxetip anlayışlarına inansaq, insan özünə aid keçmişi unutmağı bacarsa da, növünün keçmişini unutmaqda acizdır.
Ona görə bu gün də kişi və qadın olmasından asılı olmayaraq hər bir insan öz azadlığını istədiyi ilə yatmaq imkanıyla ölçür.
İstədiyini yemək, istədiyini geyinmək və s. kimi soyuq həzzlər insan üçün azadlıq ölçüsü deyil. Çünki kollektiv təhtəlşüurda belə bir instinkt yoxdur.
Freyd təhtəlşüurda özünə yer etmiş ölüm instinktinin üzə çıxmasının nəticəsi olan barbarlığın heç vaxt insanlıqdan əl çəkməyəcəyini iddia edirdi.
Bu iddia bizə cəsarət verir deyək ki, insanlıq barbar olmaqla yanaşı, həm də sona qədər ərgən olaraq qalacaq. Ya gizli, ya aşkar şəkildə.
Aqşin Yenisey
visiontv.az