Təxribatların ən başlıca məqsədi heç şübhəsiz ki, cəmiyyəti qütbləşdirməkdir
09.09.2026

Jurnalist həmkarımız Şöhrət El-Dəniz bugünkü paylaşımlarından birində çox önəmli bir məqama toxunub. Həmkarımız yazır:

"Əvvəl Şah İsmayıl Xətainin timsalında təriqət davası getdi, sonra qaziləri ateist-dindar savaşına soxdular, indi də şəhid ailələri barədə dedi-qodu xarakterli müzakirələr gedir. Özü də qəsdən çox iyrənc müzakirələr aparılır. Bir az ağlı olan adam başa düşür ki, bu "təsadüflər" əslində həssas auditoriya üçün hazırlanan təxribat elementləridir. Avropanın, Rusiyanın, İranın, Ermənistanın xüsusi xidmət orqanlarının hazırladığı və tilovda təqdim etdiyi bu təxribatları çox rahatlıqla udub qarmaqda çabalayırıq. Fikir verdiniz. Heç kim Şuşada qayalarda yazılan rus adlarından, hətta Rusiyanın şəhərlərindən birinin adının yazılmasından sosial mediada yazmadı. Hamı şəhid adından şou düzəltdi. Biri şəhidə yandığından yazdı, biri qanundan yazdı, digəri ailəsindən yazdı, əsas yazan isə bütün bu dediklərimi yazsınlar deyə təxribat üçün yazdı. Və qalib olan da bu təxribatları yazan oldu"...

Şöhrət bəy haqlıdır, bu, həqiqətən də çox incəliklə planlaşdırılmış, xüsusi həssaslıqla düzülüb qoşulmuş bir təxribatdır və sonda qalib olan da məhz bu təxribatları ortaya atanlar, gündəmə daşıyanlar oldu.

Bəs bu təxribatların arxasında hansı məqsədlər dayanır? Təxribatların ssenarisini cızanlar bizdən, ölkəmizdən nə istəyirlər? Bizi hara sürükləməyə, nəyə doğru yönləndirməyə çalışırlar?

Bu məsələdə ən vacib şey emosional reaksiyanı bir anlıq kənara qoyub, hadisənin informasiya müharibəsi kimi necə işlədiyini anlamaqdır. Mənim Şöhrət bəydən sitat gətirdiyim mətn də məhz bunu ehtiva edir: cəmiyyətin həssas mövzular üzərindən qütbləşdirilməsi, diqqətin əsas məsələdən yayındırılması və insanların öz aralarında qarşıdurmaya sürüklənməsi.

Bu cür təxribatların ən başlıca məqsədi heç şübhəsiz ki, cəmiyyəti qütbləşdirməkdir. Və bunun da ən sadə və ən təsirli üsullardan biri insanları bir neçə düşərgəyə bölməkdir: məsələn, dini mövqe ilə dünyəvi mövqeni, ateizmi qarşı-qarşıya gətirmək, məzhəbləri toqquşdurmaq, millətçiləri və liberalları üz-üzə qoymaq kimi saxta bölgülər.

Belə olanda insanlar artıq faktı müzakirə etmir, bir-birini ittiham edir. Nəticədə ictimai dialoq zəifləyir, ortaq məxrəc itir.

Bu cür həssas mövzular gündəmə gətiriləndə əsas suallar arxa plana keçir. Həqiqətən nə baş verdi, kim nəyi və niyə paylaşdı, ilk informasiya necə yayıldı, bu məlumatın mənbəyi kim və ya nə idi, bu sualları araşdırmağa bir çoxları ərinir. Bunun əvəzinə hamı daha çox emosional başlığa reaksiya verir. Bu da təxribat yaradan tərəfin istədiyi nəticədir: məzmun yox, səs-küy.

İkinci əsas məqsəd ölkədə, cəmiyyətdə ümumi güvənsizlik və şübhə mühiti yaratmaqdır.

İctimai mühitdə ard-arda belə mövzular dövriyyəyə buraxılanda insanlar bir-birinə daha az inanır: jurnalistlərə inam azalır, dövlət institutlarına güvən zədələnir və sosial media istifadəçiləri hər xəbərdə gizli niyyət axtarmağa başlayır. Buütün bunlar cəmiyyətin öz daxilində parçalanmasına xidmət edir.

Parçalanmaya tam nail olmaq üçün isə həssas qrupları işə salmağa, alətə çevirməyə çalışırlar. Axı şəhid ailələri, qazilər, dini dəyərlər, milli simvollar kimi mövzular cəmiyyətimiz üçün çox həssasdır. Onlara toxunanda reaksiya dərhal və güclü olur. Təxribatçılar da məhz buna görə bu mövzuları seçirlər. Çünki burada az qüvvə sərf etməklə çox böyük səs-küy yaratmaq olur.

Və beləliklə, həssas mövzuların müzakirəsini dərhal məntiqli çərçivədən emosional savaş müstəvisinə çəkirlər. Təxribatın ən təhlükəli tərəfi də məhz budur. Məsələ hüquq, tarix, elmi araşdırma və ya informasiya təhlükəsizliyi müstəvisində qalmalı olduğu halda, emosional münaqişəyə çevrilir.

Belə olanda isə arqumentlər yox olur, faktlar itir, qışqır-bağır artır və manipulyasiya güclənir, daxili etimad zəifləyir. Cəmiyyət öz daxilində bir-birinə inanmırsa, xarici və ya daxili manipulyasiya daha asan olur.

Təxribatın ssenarisini cızanlar cəmiyyətdə rasional müzakirə mühitini yoxa çıxarırlar. İnsanlarımız istər real həyatda, istərsə də virtual məkanda fakt və hüquq əsasında danışmaq əvəzinə, emosional reaksiyaya keçirlər. Bu da nəinki idarəolunan, hətta idarə olunmayan xaos yarada bilər.

Hər kəsi hər kəsə qarşı qoymaq bir toplumu ən effektiv parçalama üsuludur. “Sən mənimlə eyni fikirdə deyilsənsə, deməli, mənə qarşısan” düşüncəsi geniş yayılır. Cəmiyyəti bir-birinə qarşı qoyurlar. Millətin enerjisi daxili savaşlara sərf etdirilir. Necə deyərlər, insanlarımız bir-birinin ətini yeməyə başlayırlar (məcazi mənada). Bu da ictimai həmrəyliyi zədələyir, milli birliyi dağıdır.

Milli birliyi yox olan toplumu isə böyük hədəflərdən çəkindirmək çox asandır.

Deməli, bir daha aydın olur ki, biriləri (daxili və xarici güclər) bu gün güclü Azərbaycanın, gələcəkdə isə Bütöv Azərbaycanın varlığını, mövcudluğunu əsla istəmirlər.

Məhz buna görə də Şah İsmayıl Xətai əslində Bütöv Azərbaycan dövlətçiliyini inşa etmək istədiyi halda, təxribatçılar onu məzhəb bölücüsü kimi təqdim edirlər, qazini ateist-maarifçi obrazında ortaya çıxarıb dini dəyərləri aşağılayırlar, qayalara yazılan adlar üzərindən şəhidləri və şəhid ailələrini hədəfə gətirirlər.

Hələ bu harasıdır?

Görünən budur ki, önümüzdəki həftələrdə, aylarda yeni təxribatlarla, daha məkrli kampaniyalarla da üzləşə bilərik.

Başqa sözlə desək, şər qüvvələr bu millətin, bu dövlətin yaxasından əl çəkənə oxşamırlar.

Biz də Xeyir qüvvə kimi üzərimizə düşəni yerinə yetirməliyik.

Şərin tələsinə düşməməliyik.

Gözləri yumulu adamlar kimi hərəkət etməməliyik.

Təxribatçı paylaşımların təsirinə düşüb dərhal qatı tərəfkeşə və ya əleyhdara çevrilməməliyik.

Millətin enerjisi səmərəsiz, nəticəsiz müzakirələrə xərclənməməlidir.

Bir sözlə, yetkin və zəki millət kimi davranmalıyıq.

P.S. Şər qüvvələr ağıllı millətlərdən qorxurlar...

Bəybala Mirzəyev

visiontv.az