İran hakimiyyəti xalq etirazlarını zorla yatırdıqdan və minlərlə vətəndaşı qətlə yetirdikdən sonra ölkədə repressiyaların ikinci dalğasına start verib. Bu dəfə hədəfdə hakimiyyətin siyasəti ilə razılaşmayan, o cümlədən onun etirazçılarla davranışına kəskin tənqidi münasibət sərgiləyən islahatçı siyasi qüvvələr və ictimai fəallardır.
Omanda ABŞ təmsilçiləri ilə aparılan danışıqlar nəticəsində müharibə ehtimalının nisbətən azalmasını fürsət bilən rejim rəhbərliyi daxildə etirazçı kəsimi susdurmaq üçün hərəkətə keçib. Belə ki, fevralın 8-də axşam saatlarında islahatçı cərəyana mənsub bir neçə tanınmış siyasətçinin həbsi barədə məlumat yayılıb. Bir çox siyasi partiyaları öz sıralarında birləşdirən “İslahat Cəbhəsi”nin sədri Azər Mənsuri, həmin qurumun idarə heyətinin üzvü olan keçmiş deputat İbrahim Əsğərzadə və keçmiş diplomat Möhsün Əminzadə “Sepah”ın Kəşfiyyat Təşkilatı tərəfindən saxlanılıb. Özü də İbrahim Əsğərzadənin həbsi onlayn konfransda çıxış etdiyi zaman, necə deyərlər, canlı efirdə həyata keçirilib.
Az sonra Tehran prokurorluğunun həbs olunan şəxslərə qarşı irəli sürdüyü ittihamlar mediaya açıqlanıb. Bildirilib ki, bu şəxslərin mənsub olduğu siyasi cərəyan yanvar ayında baş vermiş etirazlar zamanı törədilən “terrorçu hərəkətləri” təmizə çıxarmaq və ölkənin daxili təhlükəsizliyinə xələl gətirmək istiqamətində mediada, sosial şəbəkələrdə və “səhnə arxasında” geniş fəaliyyət göstərib; ABŞ və İsrailin təhdidləri ilə eyni vaxtda ictimai-siyasi atmosferi gərginləşdirib; ölkənin əleyhinə reallığa zidd olan məlumatlar yaymaqla, milli birliyə xələl gətirib, bununla da İsrail və ABŞ-ın xeyrinə fəaliyyət göstərib. İran Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ejei də həmin gün etdiyi çıxışda bu məqamı vurğulayaraq deyib: “Daxildə İslam Respublikası əleyhinə bəyanat verənlər İsrail və ABŞ-la eyni mövqedən çıxış edirlər”. Lakin “Sepah”a bağlı “Fars” informasiya agentliyi saxlanılan siyasətçilərə qarşı irəli sürülən ittihamlar arasında “Konstitusiyaya qarşı çıxmaq və gizli çevriliş mexanizmləri yaratmaq” ittihamının da yer aldığını bildirib, bununla da sözügedən şəxslərin çevriliş cəhdində suçlandığını vurğulayıb.
visiontv.az