ABŞ-nin vitse-prezidenti niyə Azərbaycana və Ermənistan səfər edib? - Amerikalı analitik Paul Qobl cavab verir
11.02.2026

Məşhur amerikalı analitik və "Qobl Planı"nın müəllifi Paul Qobl ABŞ vitse-prezidenti C.D. Vensin Azərbaycan və Ermənistana səfərinin əsasən İran məsələsi ilə əlaqəli olduğunu hesab edir.

O, Donald Tramp administrasiyasının Tehrana qarşı hər hansı potensial tədbir görməzdən əvvəl İranın qonşularının mövqelərini, ehtiyaclarını və əməkdaşlıq potensialını qiymətləndirməyə çalışdığına inanır.

Qobl vurğulayır ki, ABŞ prezidenti və ya vitse-prezidentinin hər bir səfəri mühüm siyasi mesaj daşıyır.

Onun fikrincə,  Gürcüstan və ya  Rusiya əvəzinə Azərbaycan və Ermənistanı seçmək Vaşinqtonun bu iki ölkəni Cənubi Qafqazdakı strateji maraqlarının bir hissəsi kimi gördüyünü göstərir.

O, hesab edir ki, ABŞ hazırda Azərbaycanı regionda mühüm oyunçu kimi görür və artıq onu sadəcə postsovet məkanının bir hissəsi hesab etmir.

Qoblun sözlərinə görə, səfərin digər məqsədi Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvan və Türkiyə ilə birləşdirən marşrut olan "Dəhliz Layihəsi"nin və ya TRIPP planının həyata keçirilməsində irəliləyişi təmin etməkdir.

O, habelə iki ölkə arasında soyuq münasibətləri dəyərləndirib.

İrana gəldikdə, Qobl Azərbaycanın rəsmi olaraq öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcəyini bildirdiyini və bu mövqeni Bakının realizm əlaməti hesab etdiyini qeyd edir. Bununla belə, o, İranda son hadisələrdə Azərbaycan ərazisindən və obyektlərindən istifadə ilə bağlı narahatlıqlara da toxunur.

Qobl xəbərdarlıq edir ki, ABŞ-nin İrana qarşı hər hansı bir hücumu daxili qeyri-sabitlik, Cənubi Azərbaycanda separatizm və Azərbaycan Respubıikasına qaçqın axını kimi nəticələrə səbəb ola bilər; ABŞ bu məsələlərə dair Bakının baxışını bilmək istərdi.

Ermənistana gəldikdə isə, o, hesab edir ki, onun əhəmiyyəti müstəqil oyunçu statusundan daha çox TRIPP dəhlizindəki rolundan qaynaqlanır.

Qobl üçün Vensin səfəri həm də siyasi mesaj daşıyır: Cənubi Qafqazda üç ölkə var, onlardan biri Rusiyaya yaxındır, ABŞ isə digər ikisinə diqqət yetirməyə üstünlük verir.

Nəhayət, Qobl qeyd edir ki, həm Azərbaycan, həm də Ermənistan teokratik deyil, dünyəvi ölkələrdir; buna görə də İranda dəyişikliklər baş verərsə, onlar çox güman ki, ABŞ-nin tərəfini tutacaqlar.

visiontv.az