İsveçrədə elə yerlər var ki, ora ayaq basanda insan bir anlıq dünyanın bütün müharibələrini, nifrətini və siyasi qarşıdurmalarını unudur.
Bürgenstock Resort onlardan biridir.
Lütsern gölünün üzərində, dağın zirvəsində yerləşən bu möhtəşəm istirahət kompleksi sadəcə lüks otellərdən ibarət deyil. Bura sanki təbiətlə insan zövqünün mükəmməl harmoniyasıdır. Göldən qalxan duman, Alp dağlarının yaşıl yamacları, səssizlik, təmiz hava və üfüqə qədər uzanan mənzərə insana elə təsir bağışlayır ki, sanki cənnətin kiçik bir parçasına gəlmisən.
Xanımımla birlikdə orada gəzərkən bir fikri tez-tez təkrarlayırdıq: Belə bir yerdə insanlar necə müharibə haqqında danışa bilərlər?
Təsadüfi deyil ki, dünyanın dövlət başçıları, kralları, kraliçaları və siyasətçiləri dəfələrlə məhz bu məkanı seçiblər.
Bürgenstock təkcə istirahət mərkəzi deyil. O, həm də diplomatiya tarixinin mühüm ünvanlarından biridir.
1960 və 1995-ci illərdə burada məşhur Bilderberg görüşləri keçirilib. 2002-ci ildə Sudan vətəndaş müharibəsinin tərəfləri uzun illərdən sonra ilk dəfə məhz burada danışıqlar masasına əyləşiblər. Bu proses sonradan 2005-ci il sülh sazişinə aparan yolun başlanğıcı olub. 2004-cü ildə Türkiyə ilə Kipr yunan tərəfi arasında Avropa Birliyinə üzvlüklə bağlı mühüm danışıqlar da burada keçirilib. 2024-cü ildə Ukrayna üzrə Sülh Sammiti də dünyanın diqqətini yenidən Bürgenstocka yönəltdi.
2026-cı ildə isə ABŞ və İran nümayəndələri məhz burada bir araya gəldilər. Təəssüf ki, bu dəfə sülh alınmadı. Danışıqlar uğursuz başa çatdı. Və bu gün Yaxın Şərq yenidən müharibənin daha təhlükəli mərhələsinə daxil olur.
Xanımım həmin gün çox maraqlı bir sual verdi: "Necə ola bilər ki, belə gözəl bir yerdə insanlar sülh barədə razılığa gələ bilməsinlər?"*
Bu sual məni də düşündürdü. Bəlkə də problem məkanlarda deyil. Problem insanın içindədir. Əgər siyasətçilər özləri ilə birlikdə nifrəti, intiqamı və geosiyasi ambisiyaları da danışıqlar masasına gətirirlərsə, dünyanın ən gözəl mənzərəsi belə onları barışdıra bilmir.
Bürgenstockun tarixi də maraqlıdır.
Bu möhtəşəm kompleks XIX əsrin sonlarında Obvalden kantonundan olan iki sahibkar-Franz Josef Bucher və Josef Durrer tərəfindən yaradılıb. Onlar əvvəlcə ağac emalı ilə məşğul olurdular. Sonra isə Alp dağlarının bu möhtəşəm guşəsinin gələcəyinin turizmdə olduğunu görərək dünyanın ən məşhur kurortlarından birinin təməlini qoydular.
Bu gün həmin məkanda dayanıb Lütsern gölünə baxanda anlayırsan ki, İsveçrə təkcə bankları və saatları ilə deyil, həm də insan ruhuna toxunan təbiəti ilə böyükdür.
Təsadüfi deyil ki, Ceyms Bond filmlərindən birinin səhnələri də burada çəkilib. Çünki Bürgenstock sadəcə gözəl deyil. O, yaddaqalandır.
Mən isə oradan ayrılarkən yalnız bir arzunu özümlə apardım: Kaş ki, dünyanın taleyini həll edən siyasətçilər bu dağların sakitliyindən, bu gölün sükutundan və bu təbiətin müdrikliyindən bir az da olsa öyrənə biləydilər...
Elbəyi Həsənli
visiontv.az