SEPAH İraqdakı kürd qruplaşmalarının düşərgələrini vurub
04.07.2026

SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinin şərqindəki Göy sancaq bölgəsində müxalif silahlı kürd qruplaşmalarının düşərgəsinə zərbələr endirib.

Bu haqda İraq mediası məlumat yayıb.

PUA və raket zərbələri nəticəsində mümkün insan tələfatı və xəsarətlər barədə açıqlama verilməyib.

İranın "Fars" xəbər agentliyi də yerli mənbələrə istinadən Ərbil və Süleymaniyyədə bir neçə partlayışın baş verdiyini, o cümlədən "Azadlıq Partiyası"nın qərargahının ballistik raketlə hədəfə alındığını bildirib.

Bu, son günlər Qərbi Azərbaycan və Kirmanşah əyalətlərində SEPAH qüvvələri ilə silahlı kürd qruplaşmaları arasında baş verən toqquşmalardan sonraya təsaüf edir.

Toqquşmalar nəticəsində 4 kürd silahlısı və 2 SEPAH üzvü həlak olub, bir neçə nəfər yaralanıb.

visiontv.az