SEPAH-ın Qüds qüvvələri Almaniyada yəhudilərə hücum planlaşdırıb
17.06.2026

Gunaz TV-nin məlumatına görə, Almaniya Federal Prokurorluğu İranın SEPAH-ın Qüds qüvvələri ilə əlaqəli şəxslərin bu ölkədə yəhudi hədəflərinə qarşı hücum planlaşdırdığını açıqlayıb.

Məlumata əsasən, plan yəhudi icmasının tanınmış simalarının qətlə yetirilməsini və yəhudilərə məxsus ticarət obyektlərinin yandırılmasını nəzərdə tuturdu.

Almaniya prokurorluğunun yaydığı bəyanata görə, bu əməliyyat çərçivəsində Almaniya Yəhudilər Mərkəzi Şurasının rəhbəri Yozef Şuster, Alman-İsrail Cəmiyyətinin rəhbəri Folker Bek, eləcə də Berlində yerləşən iki yəhudi biznes obyekti barədə məlumat toplanıb.

Alman rəsmilərinin bildirdiyinə görə, bu plan İranın təhlükəsizlik strukturları tərəfindən yönləndirilib və Qüds qüvvələri ilə birbaşa əlaqə çərçivəsində həyata keçirilib.

Bu işlə bağlı iki nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan biri Danimarka vətəndaşı “Əli S.”, digəri isə Əfqanıstan vətəndaşı “Təvvab M.” kimi təqdim olunub.

Prokurorluğun məlumatına görə, “Əli S.” Qüds qüvvələri ilə sıx əlaqədə olub və Almaniyadakı yəhudi hədəfləri barədə kəşfiyyat məlumatları toplamaq tapşırığı alıb.

Bu hadisə İranın Avropada xarici əməliyyatlar planlaşdırdığı ilə bağlı ittihamları yenidən gündəmə gətirib.

visiontv.az