Orta məktəbdə oxuduğum zaman Nizami Gəncəvi ilə bağlı tədbir keçirilirdi. Ziyalılar danışdı, şairin yaradıcılığına, fəlsəfəsinə, hikmətli kəlamlarını işıq tutdular. Keçmiş kommunizm ideyalarının təsirində qalmış yaşlı bir adam qalxıb dedi ki, ümumiyyətlə Nizami Gəncəvi peyğəmbər olub. Onun bütün kəlamları Qurandan üstündür və sair... İştirakçılar etiraz edib bildirdilər ki, düzdür Nizami dahidir, amma peyğəmbər deyil. Həmin adam camaatı Nizamini aşağılamaqda ittiham edib məclisi tərk etdi və bildirdi ki, siz bir ərəbi (Həzrət Muhəmməd Peyğəmbəri nəzərdə tutaraq) peyğəmbər sayırsınız, amma öz həmyerlimizin peyğəmbərliyini qəbul etmirsiniz. Demək siz Nizamini qəbul etmirsiniz, aşağılayırsınız və sair.
İndi Əhli Beytlə, İmamlarla bağlı da belədir. Müsəlmanların çoxu Əhli Beyti Qurana uyğun qəbul edir, sevir, xatırlayır. Lakin fars şüubiyyəsinin orta əsrlərdə formalaşdırdığı ekstremist ideoloji xəttə əsasən isə Əhli Beytə Sasani dövrünün inanclarına əsasən ilahi xüsusiyyətlər verilir. Qurana müxalif formada orbazlar verilir. Məhərrəm ayında zəncir, sinə döymək, mərsiyyə söyləmək, şüarlar yazıb aksiyalar keçirmək ənənəsinin İslamda olmadığını deyənlərə də o ağsaqqalın Nizami barədə dediyi kimi deyirlər ki, siz İmam Hüseynin düşmənisiniz, siz Əhli-Beyti sevmirsiniz. Nə qədər absurddur.
Bunun adı ğulatlıq, yəni, həddi aşmaqdır. Müasir dildə buna ekstremizm deyilir. Yəni, dinin müəyyən etdiyi normaları, həddi aşmaq, radikalizm və xurafat. İslamda kimliyindən asılı olmayaraq ölünü yad etməyin qaydaları İslam hüququnda təsbit olunub.
Amma bütün bunları təhrif edib Sasani qalıqları olan Büveyhilər zamanında uydurma rəvayətlər əsasında Sasani şahlarının ilahiləşdirilməsini Əhli Beyt İmamlarına şamil etdilər. Şahlar üçün edilən matəm ayinini İmam Hüseynə aid etdilər. Manipulyasiya edib camaatı yanıltdılar. Sanki kim matəm keçirməsə İmam düşmənidir. Eynən o ağsaqqalın Nizami barədə dediyi kimi. Məhərrəm ayının matəm ayı olmaması barədə bir yazının altından profilində İmam şəkli olan 816 nəfər söyüş yazmışdı. Özü də çox biədəb söyüşlər. Məgər bu İmam yoludur? Xeyr. Bu farsın qeyri farsları Əhli Beyt adı ilə aldadıb barmağına dolaması ənənəsidir. Əhli Beyti sevən də söyüş söyər? Məgər İmam Hüseyn söyüş söyürdü, terror edirdi? Əsla! Demək Əhli Beyti əslində istila və istismar ediblər.
İmam Hüseynin hətta qəbrinin torpağını da möhür adı ilə satıb pul qazanırlar. Yas, toy məclislərində onun adı ilə nohə oxuyub pul qazanırlar. Nəzir yığıb, zəkat, xüms toplayırlar.
Bir qədər də dərinə getsək görəcəyik ki, Məhərrəm ayında olduğu kimi başqa heç bir vaxtda bu qədər xurafat, mövhumat, küfr, cəhalət nümunələri ortaya qoyulmur. Amma İmam Hüseynin şəhadətinin səbəbi isə dinin bu kimi xəstəliklərdən uzaq yaşaması üçün idi. Demək İmam Hüseynin amalına zərbə vurdular.
Əhli Beyti, İmam Hüseyni sevməyən müsəlman təriqəti yoxdur. Namazda Əhli Beytə salavat deməyən məzhəb yoxdur. İmam Hüseynin sağlığında Cənnətlə müjdələndiyini deməyən müsəlman yoxdur. İmam Hüseyni hamıdan daha çox sevdiyini, daha üstün tutduğunu sübut etmək üçün matəm keçirməyə, mərsiyyə deməyə ehtiyac yoxdur. Bu vasitələr eşqi sübut etmir. Çünki hamının sonrakı yaxud əvvəlki əməlləri vəziyyəti müəyyən edir. İmam Hüseyni həqiqi sevmək, üstün tutmaq onun əxlaqını, elmini, səbrini, ənənəsini təqlid etməkdir. Onun və ata-babasının buyurduqlarına əməl etməkdir. Yoxsa 11 ay günahla məşğul olub bir ay matəm tutmaqla Allahı heç kəs aldada bilməz.
İmam Hüseyni sevmək onu kimi müsəlman olmağa çalışmaqdır. Xüsusilə əxlaqı və səbri ilə. Amma indi özünü "İmam Hüseyn" aşiqi adlandıranların çoxu qız-gəlin demədən sosial şəbəkələrdə söyüş söyürlər, təfriqə, nifaq salırlar. Vaxtilə Əməvilərə məxsus olan hiyləgərlik, münafiqlik, riyakarlıq edirlər. Yəni üzdə, görüntüdə Ələvi, mahiyyətdə isə Əməvidirlər. Buna qətiyyən şübhə yoxdur.
Odur ki, Peyğəmbər Əhli Beytini, İmam Hüseyni bu cür istismardan xilas etməliyik. Maddi maraqları, fars siyasəti naminə Əhli Beytin bu qədər istismar, sui-istifadə edilməsinə imkan vermək olmaz.
İlahiyyatçı-araşdrımaçı Tural İrfan
visiontv.az