SEPAH-ın siyasi müşavirinin müavini, general Yədullah Cavani Tabnak-a verdiyi açıqlamada bildirib ki, əgər Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ı, Böyük Britaniyanı və NATO-nu Qafqaz regionuna cəlb etmək qərarlarının nəticələri barədə bir qədər düşünsəydilər, onları “qumarbaz Tramp heç vaxt aldada bilməzdi".
Onun sözlərinə görə, hər iki ölkənin rəsmiləri Qafqaz reallıqlarını və regiondakı digər dövlətlərin maraqlarını nəzərə almadan, ABŞ-ın, sionist rejimin və bir sıra Avropa ölkələrinin vədlərinin təsiri altında, ölkələri üçün macərapərəst və baha başa gələn addıma əl atıblar.
Cavani vurğulayıb ki, Əliyev və Paşinyan Ukrayna prezidenti Volodimir Zelenskinin etdiyi eyni strateji səhvi təkrar ediblər: “Zelenski sadəlöhv şəkildə NATO-ya qoşulmağın ölkəsinə parlaq gələcək gətirəcəyinə inanaraq, onu məhv və fəlakət yoluna saldı. Əgər o, Rusiya təhlükəsizlik doktrinasında keçmiş SSRİ sərhədlərinin ‘qırmızı xətt’ olduğunu nəzərə alsaydı, NATO-nu bu ərazilərə gətirməklə ölkəsini Rusiya ordusunun xüsusi əməliyyatı hədəfinə çevirməzdi.”
General qeyd edib ki, Zelenskinin səhvi Ukrayna üçün ağır və bərpaolunmaz itkilərə səbəb olub, ölkənin gələcəyi, ərazi bütövlüyü və suverenliyi isə hələ də qeyri-müəyyəndir. Onun sözlərinə görə, Bakı və İrəvan rəhbərləri bu münaqişədən dərs çıxarmadıqları kimi, ölkələrini oxşar risklərə sürükləyiblər.
Cavani əlavə edib ki, "hər iki ölkə Rusiya üçün təhlükəsizlik sərhədlərinin bir hissəsidir və Moskva ABŞ və NATO-nun bu sərhədlərdə istənilən formada mövcudluğunu qəbul etməyəcək".
Onun fikrincə, "Əliyev və Paşinyanın Ağ Evdə atdığı addım Zelenskinin səhvindən də böyükdür, çünki onlar Zəngəzur dəhlizini 99 illik icarə ilə eksklüziv şəkildə ABŞ-a verərək yalnız Rusiyanı deyil, həm də İranı, Çini və Hindistanı qarşılarına alıblar. Bu ölkələrin hamısı belə bir addımı milli, xüsusilə təhlükəsizlik maraqlarına açıq ziddiyyət kimi qiymətləndirir və buna qarşı səssiz qalmayacaq".
Cavani bildirib ki, İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və Rusiya XİN-in ilkin reaksiyaları göstərir ki, "ABŞ-ın İranın şimal sərhədlərinə və Rusiyanın təhlükəsizlik coğrafiyasına yerləşməsi planı həyata keçməyəcək".
"Vilayətinin sözləri həm Bakı və İrəvan rəhbərlərinə, həm də ABŞ-a aydın mesaj idi və bu, İranın daha əvvəl də bəyan etdiyi mövqeyə tam uyğundur: Tehran şimal sərhədlərində hər hansı geosiyasi dəyişikliyə qarşıdır və buna qarşı bütün gücü ilə mübarizə aparacaq", - general Cavani deyib.
visiontv.az