Rusiya XİN: Avropa təhlükəsizlik sisteminin qurulması ABŞ-ın iştirakı olmadan mümkün deyil
17.11.2026

Moskva Əbu-Dabidə keçirilən əvvəlki görüşün nəticələrini təhlil etməyə və münaqişələrin həlli və gələcək Avropa təhlükəsizlik sistemi üçün təkliflər hazırlamağa davam edir.

 Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, ABŞ və Ukrayna ilə üçtərəfli danışıqların yeni raundunun vaxtı, yeri və ya perspektivləri barədə heç bir anlaşma yoxdur.

Ryabkov Rusiyanın bütün  Avropa qitəsinin təhlükəsizliyi daxil olmaqla, Ukrayna nizamlanması üçün təkliflər hazırlamağa davam etdiyini söyləyib. Vurğulayıb ki, məsələ təkcə Ukraynanın özündəki vəziyyəti deyil, həm də Rusiya sərhədləri yaxınlığında yerləşən dövlətlərin təhlükəsizlik məsələlərini nəzərə almalı olan davamlı bir həll yolu tapmaqdan gedir.

Diplomat həmçinin bildirib ki, Moskva hələ də təhlükəsizlik zəmanətləri ilə bağlı əvvəllər təqdim edilmiş təkliflərə cavab almayıb.

Rusiyanın əsas tələblərindən biri Ukraynanın NATO-ya daxil olmasının qarşısının alınmasıdır. Ryabkov vurğulayıb ki, Kiyevin  Şimali  Atlantika  Alyansına qoşulma ehtimalı Moskva üçün qəti şəkildə qəbuledilməzdir:"Rusiyanın danışıqlar mövqeyi ardıcıldır və aydın əsaslandırılıb. Eyni zamanda, Qərb nümayəndələrinin bir sıra təklifləri göstərir ki, onlar hələ də Moskvanın əsas mövqeyində dəyişiklik əldə etməyə ümid edirlər" .

Rusiya  XİN başçısının müavini həmçinin bildirib ki, Rusiya Ukraynadakı məqsədlərinə ya siyasi, ya diplomatik, ya da hərbi yolla çatmaq niyyətindədir.

Ryabkov xüsusilə  Avropa təhlükəsizlik sisteminin bərpası perspektivlərinə diqqət çəkib və vəziyyəti kritik adlandırıb.

"Keçmişdə yaranan  Avropa təhlükəsizlik arxitekturası mahiyyət etibarilə xarabalığa çevrilib. Biz onu dərslərini nəzərə alaraq yenidən qurmalı və təhlükəsizliyimizi birbaşa təhdid edən düşmənçilik və təcavüz təzahürlərinə qarşı dayanıqlığını təmin etməliyik", - deyə diplomat bildirib.

Eyni zamanda, Ryabkovun sözlərinə görə, yeni  Avropa təhlükəsizlik sisteminin qurulması  ABŞ-ın iştirakı olmadan mümkün deyil.

O qeyd edib ki, Vaşinqtonun xarici siyasət prioritetlərinin tədricən dünyanın digər regionlarına yönəlməsinə baxmayaraq, ABŞ  Avropa proseslərinə əhəmiyyətli təsir göstərir: "ABŞ, dünyanın digər regionlarına yenidən diqqət yönəltməsinə baxmayaraq, Avropada təsirli amil olaraq qalır və yaxın gələcəkdə də belə qalacaq, ona görə də  ABŞ olmadan bu sahədə heç nəyi həll etmək sadəcə mümkün deyil".

visiontv.az