Azərbaycan və Əfqanıstanın beyin mərkəzləri regional nəqliyyat dəhlizlərini müzakirə edib
17.11.2026

Bakıda Azərbaycan və Əfqanıstanın beyin mərkəzlərinin iştirakı ilə “Trans-Avrasiya Tranzit və Ticarət Marşrutlarının Strateji Yaxınlaşması: Əlaqəlilik və Davamlı İnkişaf” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Əfqanıstan Strateji  Araşdırmalar Mərkəzinin (CSS) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev  Azərbaycan və Əfqanıstan arasında tarixi əlaqələrin möhkəmləndirilməsinin, iqtisadi əməkdaşlığın və regional nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

“Azərbaycan Əfqanıstanın suverenliyini və müstəqil qərarvermə hüququnu dəstəkləyir. Ölkəmiz təhsil və təqaüd proqramları vasitəsilə Əfqanıstanın inkişafına töhfə verməyə çalışır”, – deyə Fərid Şəfiyev bildirib.

O, iki ölkənin beyin mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini də qeyd edib.

“BMTMM ilə Əfqanıstanın Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlığın regional dialoqun gücləndirilməsinə və gələcəkdə birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə ümid edirik”, – deyə Fərid Şəfiyev vurğulayıb.

Strateji  Araşdırmalar Mərkəzinin baş direktoru Əbdül Hai Qanit isə  Azərbaycanın ölkəsi üçün mühüm regional tərəfdaş olduğunu deyib.

“Əfqanıstan və Azərbaycan arasında tarixi, mədəni və dini əlaqələr, eləcə də suverenlik, ərazi bütövlüyü və regional sabitliklə bağlı ortaq maraqlar mövcuddur. Bu amillər ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır”, – deyə o bildirib.

Əbdül Hai Qanit qeyd edib ki, Əfqanıstan  Azərbaycanla siyasi dialoqun, ticarət və investisiya əlaqələrinin genişləndirilməsində, eləcə də nəqliyyat layihələrində əməkdaşlığın gücləndirilməsində maraqlıdır.

“Biz Azərbaycanı regional siyasətimizin mühüm tərəfdaşı hesab edirik. Eyni zamanda, daha dərin əməkdaşlıq imkanlarına, o cümlədən Azərbaycanın Kabildə səfirliyinin açılmasına xüsusi əhəmiyyət veririk. Bu, birbaşa diplomatik əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır”, – deyə o vurğulayıb.

CSS rəhbəri Lapis Lazuli dəhlizinin inkişaf etdirilməsi və Əfqanıstanın regional nəqliyyat şəbəkələrinə inteqrasiyasının genişləndirilməsi üçün  Azərbaycanla daha sıx əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

“Azərbaycan Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi əhəmiyyətli mövqe qazanıb. Əfqanıstanın bu regional nəqliyyat bağlantısı təşəbbüslərində daha fəal iştirak etməsi üçün geniş imkanlar görürük”, – deyə Əbdül Hai Qanit bildirib.

Dəyirmi masanın “Orta Dəhliz və Lapis Lazuli Dəhlizinin uzlaşdırılması” mövzusunda keçirilən birinci panelində CSS-in tədqiqatçısı Obaidullah Yaqoobi, “Azərbaycan Dəmir Yolları” QSC-nin Strateji Kommunikasiya üzrə baş müşaviri Fuad Şahbazov və BMTMM-in baş məsləhətçisi Roza Bayramlı çıxış ediblər.

Müzakirələrdə nəqliyyat dəhlizlərinin uzlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və Azərbaycanın tranzit potensialının artırılması məsələləri diqqət mərkəzində olub. Fuad Şahbazov  Azərbaycanın TRIPP layihəsi və regional əməkdaşlıqla bağlı strateji baxışına dair təqdimat edib.

“Münaqişədən sonrakı bərpa və dayanıqlı inkişaf” mövzusunda ikinci paneldə Əfqanıstan XİN-in rəsmisi Ghuncha Gul Arman, Cənubi Qafqaz  Araşdırmaları Mərkəzinin baş elmi işçisi Eldar Həmzəli və BMTMM-in aparıcı məsləhətçisi Vüsal Quliyev təqdimatlarla çıxış ediblər.

Paneldə Əfqanıstanın 2021-ci ildən sonrakı inkişaf çağırışları, Qarabağda aparılan bərpa və yenidənqurma işləri, rəqəmsallaşma və regional iqtisadi inteqrasiya imkanları müzakirə olunub.

Qeyd edək ki, Əfqanıstan nümayəndə heyətinin  Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə – Şuşa, Ağdam, Xocalı və Füzuli şəhərlərinə səfəri nəzərdə tutulur.

visiontv.az