Rusiya sülhməramlı kontingentinin heyət və hərbi texnikasının Qarabağı tərk etdiyinə dair görüntülər yayılıb. Görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların Tərtər ərazisində hərəkət etdiyi görünür. Lakin onların hansı istiqamətdə hərəkət etdiyi barədə məlumat yoxdur.
Əvvəlcə onu deyim ki, rus sülhməramlıları 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk ediblər. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir. Sülhməramlılara məxsus hərbi texnikaların Tərtər ərazisində hərəkət etməsi də diqqət çəkir. Lakin bunun “Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi” kimi qiymətləndirmək doğru deyil.
Birincisi, Rusiya sülhməramlı kontingentinin heyət və hərbi texnikasının Qarabağ ərazisini tərk etdiyinə dair görüntülər yayılsa da, rəsmi məlumat yoxdur. Halbuki belə məsələ olsaydı, ilk növbədə Azərbaycan tərəfi aydınlıq gətirərdi.
İkincisi, Rusiya sülhməramlılarının səlahiyyət müddəti, mandatı, say tərkibi 10 noyabr bəyanatı ilə müəyyən edilib. Bəyanata görə isə kontingentin səlahiyyət müddəti 2025-ci ildə tamam olur. Rusiya bu müddəti uzatmaq niyyətindədir. Düzdür, Moskva açıq şəkildə Bakıya belə bir istək ünvanlamasa da, rəsmilər sətiraltı üslubda qeyd ediblər.
Üçüncüsü, Avropa İttifaqı və ABŞ-ın Ermənistanda nüfuzunun, İrəvan ilə Bakı arasında gərginliyin artdığı bir zamanda Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi inandırıcı deyil.
Lakin bu da bir reallıqdır ki, Rusiya sülhməramlılarının Qarabağda qalmaq üçün bir səbəbi yoxdur. Buna görə də mümkündür ki, sülhməramlılar Qarabağı tərk edib başqa bir əraziyə köçürülsün. İndiki məqamda buna uyğun və sülhməramlıların mandatını aşmayacaq tək yer Ermənistan-Azərbaycan şərti dövlət sərhədidir. Daha dəqiq desək, söhbət sərhədin Qazax-Tavuş hissəsindən gedir.
Erməni tərəfi iddia edir ki, Tavuşda Voskeparda rus bazası var və bu baza 10 noyabr bəyanatından sonra tikilib. Erməni tərəfi həm də onu deyir ki, 10 noyabr bəyanatının ilkin variantında Tavuş ətrafında kəndlərin təhvil verilməsi ilə bağlı qərar vardı. Məsələyə bu cür baxsaq deyə bilərik ki, rus sülhməramlıları Qarabağdan çıxaraq Voskepardakı bazaya köçürülür. Burada isə iki mümkün ssenari ağıla gəlir:
Birincisi, Ermənistan 4 kəndi Azərbaycana qaytarır və kəndləri tərk etməyən ermənilərin təhlükəsizliyi üçün rus sülhməramlıları əraziyə köçürülür.
İkincisi, Ermənistan 4 kəndi Azərbaycana qaytarmaq istəmir, lakin hərbi toqquşma ehtimallarından çəkinərək rus sülhməramlılarının əraziyə gəlməsini istəyib.
Diqqətçəkən digər nüans isə Ermənistan Baş naziri Nikol Paşinyanın təcili Voskepara gəlməsidir. Bu nüans da sülhməramlıların hara getdiyini göstərir.
Politoloq Turan Rzayev
visiontv.az