Quranda olmayan “halal oğurluq”
08.09.2026

İsveçrədə yaşayan bir müsəlmanın başqa bir müsəlmana irad tutduğunu eşitdim:

-Sən bu ölkədə yaşayırsan, dövlət sənə kömək edib, təhlükəsizlik verib. Niyə oğurluq edirsən? Oğurluq haram deyilmi?

Cavab isə daha maraqlı olub:

-Oğurluğun haram olduğunu bilirəm. Amma Quranda deyilir ki, xristianlardan nə götürsən, sənə halaldır.

Problem ondadır ki, Quranda belə bir şey yazılmayıb.

Əksinə, Quran deyir: “Bir-birinizin mallarını haqsız yollarla yeməyin.”-Nisa, 4:29.

Ayədə “yalnız müsəlmanın malını oğurlamayın” deyilmir.

Amma “xristianın malı müsəlmana halaldır” düşüncəsinin müəyyən tarixi kökləri var. Orta əsrlərin müharibə şəraitində yaranmış darül-İslam–darül-hərb hüququnun bəzi hökmləri əsrlər ərzində kontekstindən çıxarılıb və nəticədə bəzi insanların şüurunda qəribə bir “dini bəraət” formalaşıb.

Halbuki həmin klassik hüquqda belə, başqa ölkəyə təhlükəsizlik təminatı ilə daxil olmuş müsəlmanın oranın əhalisinin malına xəyanət etməsi qadağan edilirdi. Müasir Avropa müsəlman hüquqşünasları isə məsələni daha aydın ifadə edirlər: Avropada yaşayan müsəlmanın qonşusunun, işəgötürənin, mağazanın və dövlətin malı toxunulmazdır.

Burada mənim üçün dini mübahisədən də maraqlı olan bir mənəvi paradoks var.

İnsan İsveçrəyə gəlir. Bu ölkədən sığınacaq və ya yaşayış hüququ alır. Küçəsində təhlükəsiz gəzir. Uşağı məktəbə gedir. Xəstələnəndə xəstəxanaya müraciət edir. Çətin vəziyyətə düşəndə sosial sistem ona yardım edir.

Sonra hansısa sarsaq müsəlman həmin cəmiyyətin üzvünün malını oğurlayıb buna dini bəraət axtarır: “O xristiandır, onun malı mənə halaldır.”

Xeyr. Bu nə Quranın hökmüdür, nə də minnətdarlıqdır.

Hətta məsələyə sırf dini məntiqlə yanaşsaq belə, səni qəbul edən, sənə təhlükəsizlik verən insanın malını oğurlamaq iman nümunəsi deyil-əmanətə xəyanətdir.

Ən qəribəsi isə budur: insan öz cinayətinə haqq qazandırmaq üçün Allahın adına Quranda olmayan bir hökm yazır.

Oğurluğa din halallıq vermir. Bəzən oğru özünə bəraət qazandırmaq üçün hətta dini də oğurlayır...

Elbəyi Həsənli

visiontv.az