Qlobal Cənub QHT-ləri Bakıya toplaşır
11.04.2025

2025-ci il aprelin 28-29-da Bakıda Konqres Mərkəzində Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransı keçirilib. Konfransda dünyanın aparıcı QHT-lərin rəhbərləri 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi dövründə Azərbaycanın mühüm qlobal təşəbbüslərə imza atmasını, qısa müddətdə ən yüksək təşkilatçılıq bacarığı nümayiş etdirərək COP29-a uğurla evsahibliyi etməsini xüsusi qeyd ediblər.

Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb və bəyanata qoşulmağı bütün COP29-da iştirak edən QHT-lər üçün açıq elan ediblər. Bəyanatda Azərbaycana güclü dəstək ifadə olunub, onun qlobal roluna diqqət çəkilib, ən yaxşı təcrübələri bölüşmək, dayanıqlı inkişafa təkan vermək üçün əməkdaşlıq şəbəkəsi kimi Azərbaycan Milli QHT Forumunun təşəbbüsünə dəstək olaraq, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı bildirilib. COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb. Dünya ölkələrinin 71%-ni əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi Azərbaycanın QHT tarixində ilk dəfə baş verib.