Qazaxıstanda seçicilərin 87.15 faizi referenduma çıxarılan konstitusiya layihəsini dəstəkləyib. Mərkəzi Referendum Komissiyası martın 16-da Astanada brifinqdə bu haqda məlumat verib.
9.8 faiz - 898 min 99 seçici sənədə qarşı çıxıb.
Rəsmi məlumata görə, seçici fəallığı 73.1 faiz təşkil edib. Referendumun baş tutmuş sayılması üçün səsvermə hüququ olanların azı yarısının iştirakı tələb olunurdu.
Qazaxıstanın yeni konstitusiyasının layihəsi bu il fevralın 12-də mediada dərc olunub. Seçicilərdən bu layihəni qəbul edib-etmədikləri soruşulub.
Layihə prezident Kasım-Jomart Tokayevin təşəbbüsü və iştirakı ilə hazırlanıb. Sənəddə ikipalatalı parlamentdən birpalatalı parlamentə keçid, öz namizədliyini irəli sürmək imkanından imtina nəzərdə tutulur. Deputatlar partiya siyahıları üzrə seçiləcək.
Layihəyə görə, qanunvericilik təşəbbüsü hüququna malik Xalq Şurası məsləhətçi orqanı yaradılacaq. Amma onun formalaşdırılması parametrləri göstərilməyib. Tokayev deyib ki, şurada prezidentin təyin etdiyi 126 nəfər təmsil olunacaq. Vitse-prezident institutu da təsis edilir. Dövlət başçısı parlamentin razılığı olmadan hakimiyyət orqanlarında əsas vəzifələrə təyinatlar edə biləcək.
Tənqidçilər bu yenilikləri prezident hakimiyyətinin gücləndirilməsi, qanunverici hakimiyyətin zəiflədilməsi, vətəndaş azadlıqlarının məhdudlaşdırılması sayırlar. Prezident administrasiyası isə tənqidləri rədd edir, dəyişikliklərin çəkindirmə və tarazlama mexanizmlərini gücləndirəcəyini bildirir.
Hələ səsvermənin rəsmi nəticələri açıqlanmazdan öncə Tokayev martın 15-nin yeni Konstitusiya Günü olacağını elan edib. 1996-cı ildən bəri Qazaxıstanda Konstitusiya Günü avqustun 30-da qeyd olunub. 1995-ci ilin həmin günündə ölkə konstitusiyası referendumda qəbul edilib və təxminən 30 il qüvvədə qalıb. Ölkənin əsas qanununa sonuncu dəfə ciddi dəyişikliklər 2022-ci ildə edilib. O zaman Tokayev konstitusiyanı daha dəyişməyəcəyini deyib. 2025-ci ilin payızında isə "həyat yerində saymır" deyərək konstitusiya islahatı təklif edib.
visiontv.az