'Cənab Heç kim Putinə qarşı' Oskar qazandı
16.03.2026

Martın 15-də "Cənab Heç kim Putinə qarşı" filmi ən yaxşı sənədli film nominasiyasında "Oskar" mükafatına layiq görülüb. Filmin qəhrəmanı Kremlin Ukraynadakı təcavüzkar müharibəsinə dinc müqavimət göstərən rusiyalı gənc məktəb müəllimidir.

Filmi rejissor Devid Borenşteyn və müəllim Pavel Talankin çəkib.

35 yaşlı Talankin Uraldakı yoxsul Karabaş mədən şəhərində məktəbdə işləyib. O, Rusiya Təhsil Nazirliyinin xahişi ilə Karabaşda ibtidai məktəbdə müharibə təbliğatını lentə alıb. Sonradan həmin "vətənpərvərlik" tərbiyəsini sənədli filmə çevirib.

Talankin filmdə məruz qaldığı təqiblərini, mühacirətini də sənədləşdirib. "The Hollywood Reporter" bunu "təsirli, səmimi salnamə" adlandırıb.

""Cənab Heç kim Putinə qarşı" ölkənizi necə itirməyiniz haqdadır, bu görüntülərlə işləyərkən gördük ki, saysız-hesabsız kiçik əlbirlik hərəkətləri ilə onu itirirsiniz", – rejissor Borenşteyn səhnədə Talankinlə birgə çıxışında deyib.

"Bu, qeyri-realdır"

Los-Ancelesdəki mərasimdən öncə Talankin deyib ki, "əgər iki il əvvəl mənə hər şeyin belə olacağını desəydiniz, üzünüzə gülərdim".

"Bu, qeyri-realdır – belə şeylər sadəcə baş vermir", – o əlavə edib.

Paşa kimi tanınan Talankin 2024-cü ilin yayında sənədli filmə salınacaq disklərlə birlikdə Rusiyadan qaçıb.

O, CBS-ə verdiyi açıqlamada Borenşteyn ilə internetdə tanış olub, Borenşteyn iki il Avropadan məsafədən rejissorluq edib, o isə filmi çəkib.

visiontv.az