Bəlli olduğu kimi, Azərbaycan Ordusu dünən Qarabağ iqtisadi rayonu ərazisində lokal antiterror tədbirlərinə başlayıb. Bildirilir ki, əməliyyat lokal xarakterlidir və yalnız legitim hərbi obyektlərə zəruri zərbələr yetirilir, mülki infrastrukturlar hədəfə alınmır. Rəsmi məlumatdakı sözlərin bir qismi belə, mövzuya maraq göstərən beynəlxalq ictimaiyyət nümayəndələrinin həqiqətləri idrak etməsi üçün yetərlidir.
Antiterror tədbirləri keçirilirsə, deməli terror var – terroru kim, nə ağılla müdafiəyə cəhd edə bilər? Tədbirlərin lokal xarakteri məhdud hərbi qüvvənin cəlb edildiyini ifadə edir, konkret olaraq qanunsuz dəstələrin silahsızlaşdırılmasını, mülki əhalinin isə nəinki hədəf alınmadığını, üstəlik, qorunma tədbirləri görüldüyünü göstərir. Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının sözünün imzası qədər keçərli olduğu özü bir həqiqətdir və beynəlxalq ictimaiyyət bunun dəfələrlə şahidi olub. Deməli, gərginliyin artmasına səbəb biz deyilik, 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli Bəyanata əməl etməyən Ermənistandır. Ermənistan Qarabağdakı qanunsuz hərbi qüvvələrini artıq 3 ildir, ərazilərimizdən çıxarmayıb; bu azmış kimi, həmin qanunsuz qüvvələr hər gün yeni səngər qazma, istehkam qurma, mina basdırma, “rotasiya” və s. ilə ilə məşğul olurdu. Nə üçün? – Yalnız bir bölümünü vurğuladığımız bu əməllər sülhəmi xidmət edir? Bəlkə, qondarma rejimə qanunsuz “prezident” seçkisi sülhə töhfəydi? Yoxsa, mülki azərbaycanlıların, ermənilərin 30 il xaraba qoyduğu torpaqlara həyat qaytaran yolçəkənlərin, körpüsalanların, işıqçıların, asayişi təmin edənlərin və b.-nın həyatına qarşı terror törətmək sülpərvərlikmiş, biz bilməmişik?.. Üstəlik, son bir neçə ay içində Qarabağdakı Ermənistan qanunsuz silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan (və sistemli şəkildə!) atəşə tutması, ərazilərimizin yenə də minalanması, öz döyüş mövqelərini mühəndis cəhətdən təkmilləşdirməsi, habelə səngərlərin, sığınacaqların sayının artırılması necə izah oluna bilər? Yəni antiterror tədbirlərinə biz təhrik olunmuşuq; bizi buna təhrik edən ermənilərin təxribatları ya durdurulmalı ya da durdurulmalıydı. Rəhmətlik Ozan Arif demiş, “Başqa yolu yox artıq”!
Son dönəmdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları, digər atəş vasitələri ilə gücləndirilməsi, qanunsuz bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, “səfərbərlik” üzrə yeni qanunsuz bölümlərin yaradılması, bizim Ordunun bölmələrinə qarşı kəşfiyyat çalışmalarının daha da genişləndirilməsi, Ordumuzun mövqelərinin dərinliyinə sızaraq, yeni minalar basdırılması (hətta minalardan təmizlənmiş ərazilərin, mülki təyinatlı yolların yenidən minalanması) kimi bədəməllər törədilirdi. Özünə hörmət qoyan hansı dövlət belə qanunsuzluqları, bədəməlləri qəbul edər? Və belə bədəməllərin qarşısını almaqdan başqa daha hansı yol vardır? – Üç ildir atılmalı olan zəruri addımları atmayan tərəf, onun havadarları, hər mövzunu anti-Azərbaycan, anti-Türk, anti-İslam, antibəşər ovqatına kökləməyə çalışanlar, nə deyib qınayır bizi? Biz onların mövqeyini – daha doğrusu, mövqesizliyini bilirik və qətiyyətli şəkildə deyirik ki, terror təxribatlı heç bir əməl cəzasız qalmayacaqdır!
Bəli, Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü, planlı terror siyasəti dayandırılmamışdır. Bu il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisindən hələ də çıxarılmamış qanunsuz birləşmələrinin kəşfiyyat-diversiya qruplarının Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə öncədən quraşdırdığı mina can alıb. – Minanın partlaması ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb, mülki şəxslər həlak olub; bu azmış kimi, elə həmin gün DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının quraşdırdığı minaya düşməsi nəticəsində hərbi qulluqçularımız arasında həlak olan və yaralananlar olub.
Beləliklə, 10 noyabr tarixli məlum Üçtərəfli Bəyanatın müvafiq müddəalarının təmin olunması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Bu isə Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən bir dəfəlik çıxarılması, onların hərbi infrastrukturunun tam zərərsizləşdirilməsi yolu ilə mümkündür. Belə önəmli dövlət və millət vəzifəsini yerinə yetirmək peşəkar Orduya xas xidmətdir. Azərbaycanın necə bir güclü Orduya malik olduğunu kim bilməsə də, Ermənistan və havadarları bilməliydi. Cəmi 3 il öncə, 44 gün içində 30 illik işğala son qoymağı bacaran Ordunun qarşısına 11 min fərarisi, neçə min ölüsü, yaralısı olan “yenilməz ordu” ilə çıxmaq ağılsızlıq deyilmi? Budur, antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin önxətdə, dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahlar tətbiq etməklə sıradan çıxarılır. Bizim Ordu xarakterli, ərdəmli ordudur, 44 günlük müharibədə olduğu kimi, mülki əhali, mülki infrastruktur obyektləri qətiyyən hədəf seçilmir. Biz müharibədə də, antiterror əməliyyatında da ləyaqət göstərən Orduya sahibik. Ordumuz qürurumuzdur! Ermənistanın işğalçı ordusu və onun tör-töküntüsü də xaraktersizdir, hərb meydanındakı acizliyini mülki insanları, mülki infrastrukturu hədəf almaqla örtmək istəyir. Amma xeyri yoxdur: nə Gəncəyə, Bərdəyə atılan qadağanolunmuş raketlərin dağıntı, təlafatlarını unutmuşuq, nə də bu barədə qanunsuz əmr vermişləri!
Uzun sözün qısası, bölgədə ədalətli sülh və dayanıqlı sabitliyə nail olmağın tək yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz, tamamilə çıxarılması, qondarma rejimin buraxılması, silah-sursatın təhvil verilməsidir!
Və nəhayət!
Azərbaycanın zəmanəti ermənilərçün ən yaxşı, ən etibarlı, ən əlverişli zəmanətdir – alternativlərin ən yaxşısıdır!
Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin qorunması təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslərə, xəstələrə gərəkli tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su ilə, ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən uzaqlaşdırılması üçün Laçın yolu üzərində, digər yönlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb. – Belə bir humanizmə sayğı duymaq, çağırışlara əməl etmək lazımdır!
DÖVLƏTİMİZ VAR OLSUN!
MM-in Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva
visiontv.az