ABŞ-Çin görüşündən sonra Tehrandan diqqətçəkən addım: Qalibaf İranın Çin məsələləri üzrə xüsusi nümayəndəsi təyin edildi. Çin dosyesi niyə Qalibafa verildi?
SEPAH-a yaxınlığı ilə tanınan Fars xəbər agentliyi bazar günü yazıb ki, İran parlamentinin sədri və keçmiş SEPAH üzvü Məhəmmədbaqir Qalibaf İranın Çin məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.
Təhlükəsizlik yönümlü bu agentlik əlavə izah vermədən yalnız qeyd edib: “Daha əvvəl Əli Laricani və Əbdülrza Rəhmani Fəzli də bu vəzifəni icra ediblər.”
Xəbərdə Qalibafın bu vəzifəyə kim və ya hansı qurum tərəfindən təyin edildiyi açıqlanmayıb. Həmçinin hazırkı mərhələdə İran hakimiyyətinin niyə belə bir xüsusi nümayəndəyə ehtiyac duyduğu barədə də heç bir məlumat verilməyib.
Bu xəbərin yayılması fonunda Əbdülrza Rəhmani Fəzlinin X sosial şəbəkəsindəki hesabının bio bölməsində onun hələ də İran prezidentinin Çindəki “səfiri və xüsusi nümayəndəsi” kimi təqdim edildiyi görünür.
Bundan əvvəl, 2020-ci ildə o dövrün xarici işlər naziri Məhəmməd Cavad Zərif “Entexab” saytına müsahibəsində Əli Laricaninin Çinlə danışıqlardakı roluna toxunaraq demişdi ki, Laricani “Çinlə əlaqələr üzrə İran İslam Respublikasının xüsusi nümayəndəsidir.”
Qalibafın bu vəzifəyə təyin olunması ABŞ prezidentinin Çinə rəsmi səfərindən iki gün sonra elan olunub. Həmin görüşdə İran və Hörmüz boğazı da müzakirə mövzularından biri olub.
Ağ Ev mayın 14-də açıqlamışdı ki, Donald Tramp və Si Cinpin görüşlərində iqtisadi əməkdaşlığın genişləndirilməsi, Hörmüz boğazının açıq qalması və İranın nüvə silahı əldə etməsinin qarşısının alınması barədə müzakirə aparıb və razılığa gəliblər.
visiontv.az