Pakistan Səudiyyə Ərəbistanına qırıcı eskadrilyası və minlərlə hərbçi yerləşdirib
19.05.2026

Pakistan qarşılıqlı müdafiə paktı çərçivəsində Səudiyyə Ərəbistanına 8000 hərbçi, qırıcı təyyarələr eskadrilyası və hava hücumundan müdafiə sistemi göndərib.

Reuters-in məlumatına görə, bu addım İslamabadın İran müharibəsində əsas vasitəçi rolunu oynadığı bir vaxtda Ər-Riyadla hərbi əməkdaşlığın gücləndirilməsi deməkdir.

Yerləşdirmənin tam miqyası ilk dəfə açıqlanır. Bunu üç təhlükəsizlik rəsmisi və iki hökumət mənbəsi təsdiqləyib.

Onların sözlərinə görə, söhbət Səudiyyə Ərəbistanı yeni hücumlara məruz qalacağı təqdirdə krallığın ordusuna dəstək vermək üçün nəzərdə tutulmuş ciddi və döyüş qabiliyyətli qüvvədən gedir.

Pakistan ordusu, Xarici İşlər Nazirliyi və Səudiyyə Ərəbistanı hökumətinin media ofisi bu yerləşdirmə ilə bağlı şərh sorğularına cavab verməyib.

Ötən il imzalanmış müdafiə sazişinin tam şərtləri məxfidir. Lakin tərəflər bildiriblər ki, hücum halında Pakistan və Səudiyyə Ərəbistanı bir-birinin müdafiəsinə qalxmalıdır.

Müdafiə naziri Xoca Asif daha əvvəl eyham vurmuşdu ki, bu saziş Səudiyyə Ərəbistanını Pakistanın “nüvə çətiri” altına salır.

Mənbələrin məlumatına görə, Pakistan Səudiyyə Ərəbistanına təxminən 16 təyyarədən ibarət tam eskadrilya yerləşdirib. Onların əksəriyyəti Çinlə birgə istehsal edilən JF-17 qırıcılarıdır və aprelin əvvəlində göndərilib.

Təhlükəsizlik rəsmilərindən ikisi Pakistanın həmçinin iki pilotsuz uçuş aparatı eskadrilyası göndərdiyini bildirib.

Beş mənbənin hamısı qeyd edib ki, yerləşdirməyə təxminən 8000 hərbçi, ehtiyac yaranarsa əlavə qüvvə göndərilməsi öhdəliyi, eləcə də Çinin HQ-9 hava hücumundan müdafiə sistemi daxildir.

Mənbələrin sözlərinə görə, texnikanı pakistanlı hərbçilər idarə edir, maliyyələşdirməni isə Səudiyyə Ərəbistanı həyata keçirir.

visiontv.az