Prokurorluq milli fəal İbrahim Rəşidinin müdafiəsini rədd edib
29.06.2024

Meşkinşəhr Ümumi və İnqilab Prokurorluğunun 1 saylı şöbəsi milli fəal İbrahim Rəşidinin müdafiəsini rədd edib. Azərbaycanlı jurnalist İbrahim Rəşidi İnstaqram səhifəsində müdafiəsinin Meşkinşəhr Prokurorluğu tərəfindən rədd edildiyini bildirib.

İbrahim Rəşidi yazıb ki, məhkəmə ona qarşı irəli sürülən "İran İslam Respublikası əleyhinə təbliğat fəaliyyəti göstərmək" və "yalan məlumat yaymaq" ittihamlarına qarşı təqdim etdiyi müdafiələri "əsassız və təsirsiz" hesab edib. Rəşidi həmçinin qeyd edib ki, prokurorluq cinayətin baş verməsi və onun mənə aid olduğunu hesab edib.

Bu ittiham aktına əsasən, rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə bağlı iş Meşkinşəhr İnqilab Məhkəməsinə, yalan məlumat yaymaq ittihamı ilə bağlı iş isə Meşkinşəhr Cinayət Məhkəməsinə göndərilib.

İbrahim Rəşidi (Savalan) son müdafiə iclasında təqdim etdiyi müdafiəsinin nəzərə alınmadığını bildirib.

Həbsxanada saxlandığı müddətdə o, bir neçə həftə müddətsiz həbsdə saxlanılıb və ittiham aktına görə, “mülki zəmanət təmin edə bilməmək” müvəqqəti zaminə buraxılmamasına səbəb kimi göstərilib.

Rəşidi ittiham aktının bu hissəsinə cavab olaraq yazıb ki, “Onlar unudublar ki, o günlər ərzində qardaşım və anam Maşkinşəhr Məhkəməsində əlində mülki zəmanət ilə gözləyirdi, amma girovu qəbul etməkdən imtina edirdilər”.

Meşkinşəhr 2 saylı Cinayət Məhkəməsi bu gün milli fəala bildiriş göndərərək, onu "ictimai rəyi çaşdırmaq məqsədi ilə yalan məlumat yaymaq" ittihamından özünü müdafiə etmək üçün 30 iyun tarixində məhkəməyə çağırıb.

Milli fəal İbrahim Rəşidi ötən il dekabrın 30-da Ərdəbil vilayətinin Meşkinşəhr (Xiyav) şəhərinin Mirkəndi kəndində öz evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi. Meşginşəhr həbsxanasında saxlanma müddəti bir dəfə uzadıldıqdan sonra o, nəhayət fevralın 22-də 200 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılmışdı.

İllərdir davamlı olaraq sosial media platformalarında İran Azərbaycanı və İranla bağlı müxtəlif məsələlər, o cümlədən siyasi və ictimai mövzular barədə qeydlərini dərc edən İbrahim Savalan bu fəaliyyətlərinə görə həbs edilib.

visiontv.az