Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev beynəlxalq vəziyyətin pisləşdiyini və gözlənilməz hala gəldiyini bildirib. Onun sözlərinə görə, bu, qlobal iqtisadi proqnozu xeyli çətinləşdirir.
AZƏRTAC Qazaxıstan Prezidenti aparatına istinadla xəbər verir ki, dövlət başçısı parlament palatalarının birgə iclasında çıxış edib.
Tokayevin sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun və BMT-nin ixtisaslaşmış agentliklərinin proqnozlarına görə, qlobal birlik və ayrı-ayrı ölkələr növbəti iki il ərzində iqtisadi inkişaf planlarının həyata keçirilməsində ciddi çətinliklərlə üzləşəcək.
“Buna baxmayaraq, biz ümidsizliyə, təşvişə qapılmamalıyıq. Hökumət ölkənin davamlı inkişafını təmin etmək üçün səylərini artırmalıdır”, -deyə Tokayev bildirib.
Prezident qeyd edib ki, gündəliyə inflyasiyanın qarşısının alınması və onun mümkün olan ən aşağı səviyyələrə endirilməsi, həmçinin iqtisadi artımın azalmasının qarşısının alınması kimi aktual məsələlər daxildir. Bundan əlavə, əsas göstəricilərin yaxşılaşdırılması üzərində işləmək lazımdır.
visiontv.az