Kepbanov: Türkmənistan Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın səviyyəsini təsdiqlədi
30.06.2026

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, qardaş dövlətlərimiz arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini bir daha təsdiqlədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkmənistanın CAREC layihə ofisinin direktoru Mergen Kepbanov deyib.

O bildirib ki, 10-dan artıq ikitərəfli sənədin imzalanması əməkdaşlığın demək olar, bütün əsas istiqamətlərini – energetika, sənaye, ərzaq təhlükəsizliyi, səhiyyə, kənd təsərrüfatı, idman və maliyyə sahələrini əhatə edir. Dövlət başçıları tərəfindən imzalanmış Birgə Bəyanat isə böyük əhəmiyyət kəsb edir və qarşılıqlı əməkdaşlığın uzunmüddətli perspektivdə əsas istiqamətlərini müəyyənləşdirir.

“Xüsusilə "Dostlug" neft tankerinin Türkmənistana təhvil verilməsini qeyd etmək istərdim. Gəminin adı olduqca rəmzi məna daşıyır və Türkmənistanla Azərbaycan arasında qarşılıqlı hörmətə, etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əlaqələrin mahiyyətini əks etdirir.

Bildiyimiz kimi, bu gün ölkələrimiz energetika, nəqliyyat-logistika, ticarət və dayanıqlı inkişaf sahələrində əməkdaşlığı fəal şəkildə genişləndirirlər. Xəzər dənizi artıq təkcə mehriban qonşuluq məkanı deyil, həm də Şərqlə Qərb arasında iqtisadi əməkdaşlığın mühüm körpüsünə çevrilir”, - deyə direktor vurğulayıb.

Onun sözlərinə görə, ekologiya, təbii resurslardan səmərəli istifadə və iqlim dəyişikliyinə uyğunlaşma sahəsində birgə səylər də xüsusi əhəmiyyət daşıyır. Bu məsələlər bütövlükdə Xəzər regionu və Mərkəzi  Asiya üçün böyük önəm kəsb edir.

“Prezident Sərdar Berdiməhəmmədovla Prezident İlham Əliyev arasında keçirilən danışıqlar tərəflərin əməkdaşlığın daha da genişləndirilməsində və hər iki xalqın maraqlarına cavab verən, regional sabitliyin və dayanıqlı inkişafın möhkəmlənməsinə xidmət edən yeni birgə layihələrin həyata keçirilməsində qarşılıqlı maraqlı olduqlarını nümayiş etdirdi. Əminəm ki, bu dövlət səfərinin nəticələri Türkmənistan–Azərbaycan münasibətlərinin inkişafına yeni təkan verəcək və uzun illər ərzində qarşılıqlı faydalı tərəfdaşlıq üçün əlavə imkanlar yaradacaq”, - deyə M.Kepbanov əlavə edib.

visiontv.az