Pravoslav kilsə niyə çörək sexi oldu?
18.06.2021

Mən Azərbaycanın İslam ilə yanaşı ölkəmiz ərazisində mövcud olmuş tanrıçılıq, zərdüştlük, yəhudlik, xristianlıq tarixinin öyrənilməsini və o dövrdən bizə miras qalan abidələrin, milli mədəni dəyərlərin qorunması üçün əlimdən gələni edirəm.

Mənim üçün bütün dinlərin ibadət yerləri və evləri toxunulmaz sayılır. Fərqi yoxdur hansı dinin abidəsidir, əsas odur Azərbaycandadır və onlar mütləq şəkildə qorunmalıdır. Xüsusilə təkallahlıqla bağlı abidələri qorumaq və dünyaya göstərmək lazımdır ki, Azərbaycan tarixən də indi də multukultural bir ölkədir.  Azərbaycanda olan belə qədim və mədəni abidə sayılan tikiliərdən biri də Biləcəri ərazisində yerləşən, Mehdi Hüseynzadə küçəsində hazırda çörək sexi kimi fəaliyyət göstərən “Müqəddəs Varfolomey” kilsəsinin binasıdır.

Azərbaycanın xrsitian tarixində ölkəmizin bu dinin yayılması və buranın hamilərindən biri kimi İsa Məsihin 12 apostolundan biri olan Apostol Varfolomeyin adına çox abidələr qalıb. Eramızın 71-ci ilində atəşpərəstlər şəhəri olan Bakıda xristian dinini yaydığına görə çarmıxa çəkilən Varfolomeyin adını bir çox tarixi mənbələrdə və qədim tikililərdə görə bilərik. Məhz Biləcəridə tikilən Kilsənin “Müqəddəs Varfolomey” adlanması da təsadüfü deyil. XIX əsrin sonlarında Zaqafqaziya dəmir yolunun, xüsusən 1900-cu ildə Petrovsk-Bakı xəttinin istifadəyə verilməsi ilə Biləcəri əsas dəmiryolu qovşağına çevrilir. Burada xeyli işçisi olan dəmir yolu stansiyası fəaliyyət göstərməyə başlayır. Həmin işçilərin əsas hissəsi etiqadca pravoslav idi. Onların dini ehtiyaclarını ödəmək üçün protoiyerey Yunitskinin təşəbbüsü və Gürcüstan ekzarxı Aleksinin razılığı ilə Biləcəridə pravoslav məbədi açılır. Kilsənin özül daşı 23 aprel 1903-cü ildə qoyulur. “Müqəddəs Varfolomey” kilsəsi Bakı Quberniya İdarəsinin memarı Marçenkonun layihəsi əsasında inşa olunmuşdu. Biləcəri qəsəbəsindəki “Müqəddəs Varfolomey” kilsəsinin binası bütün bu illər baş verən hadisələrə baxmayaraq dağılmayıb. Hətta qırmızı terrorun bünövrəsini qoyan bolşeviklər Bakıda bir çox pravoslav, katolik kilsələri dağıtmasına baxmayaraq  bu kilsəyə heç nə olmamışdır. Azərbaycanda bolşevik inqilabı qələbə çalandan sonra məscidlər və kilsələr dağıdıldı. Bakıdakı 17 kilsədən yalnız üçü qaldı, qalanlarının fəaliyyəti qadağan edildi, keşişlər isə repressiya qurbanı oldular. Kilsə tikilən zaman taxtadan olmasına baxmayaraq sonradan onu sökmüş və daşdan yenidən tikiblər.

Lakin bu gün bu tarixi abidə çörək sexi kimi fəaliyyət göstərir. Multukultural bir ölkə olan Azərbaycanda dini abidəyə olan belə münasibət incidir. Olmazdırmı oranı bərpa etmək və Azərbaycana dini turizm kimi səfərlər təşkil edilsin?  Razıyam. Bəziləri irad tuta bilərlər ki, XIX əsrdə Rusiyanın Azərbaycanı işğal etməsi və burada rusların məskunlaşması ölkəmizdə pravoslavlığın yayılmasına təkan verdi. Bu kilsələrin inşasında məqsəd təkcə Allaha ibadət etmək deyildi. Çarın işğalçılıq siyasətinə xidmət edən kilsə inşası yerli əhalidə heç bir şübhə oyatmırdı. Bu iradları da qəbul edirəm. Amma reallıq budur ki, bu abidə bizdə var və onun qorunması da lazımdır. Çünki Bakıda yaşayan pravoslavlar indi bizim vətəndaşlarımızdır. Onların içində Qarabağ müharibəsində şəhid olanlar da var, qazi olanlar da. Ən azı o vətəndaşlarımıza hörmət xətrinə bu kilsəni bərpa etmək və çörək sexini başqa binaya köçürmək olar.

Dosent Zaur Əliyev

Visiontv.az