Pit Heqsetin NATO görüşündəki planlarına Ağ Evdən müdaxilə
03.07.2026

ABŞ Müdafiə Nazirliyinin başçısı Pit Heqset iyun ayında Avropada yerləşən ABŞ hərbi kontingentinin azaldılmasını bəyan etməyə hazırlaşsa da, dövlət katibi Marko Rubio bu addımın qarşısını alıb.

Visiontv.az  xəbər verir ki, bu məlumatı "Wall Street Journal" nəşri yayıb.

Məlumata görə, Rubio ilə yanaşı, Ağ Evin digər rəsmi şəxslərinin də məsələyə qarışması nəticəsində sözügedən plan təxirə salınıb. Nəticədə Heqset konkret qərarlar əvəzinə yalnız qüvvələrin yerləşdirilməsi ilə bağlı altıaylıq hesabatın hazırlanacağını bildirməklə kifayətlənib.

Nəşr qeyd edir ki, Pentaqon rəhbəri Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısında müvafiq bəyanatla çıxış etməyi nəzərdə tuturdu. Bununla belə, hərbi ixtisarların dəqiq detalları gizli saxlanılır. Media nümayəndələri vurğulayırlar ki, Donald Tramp hökuməti  Avropa qitəsindən hərbçilərin hansı sürətlə və nə qədər çıxarılacağına dair yekun qərara gəlməyib.

Pentaqonun nümayəndəsi  Şon Parnel bildirib ki, Heqset atdığı addımları ölkə rəhbərinin hədəflərinə uyğunlaşdırıb və prezidentin səlahiyyət çərçivəsinə daxil olan qərarlara təsir göstərmək niyyətində olmayıb. Hərbi heyətin miqdarı və müttəfiq ölkələrin müdafiə xərcləri  Ankarada baş tutacaq NATO zirvə toplantısının diqqət mərkəzində olacaq. Alyans daxilində  ABŞ ilə həmrəyliyə ümid edilsə də, Tramp amilinə görə yarana biləcək ehtimal olunan gərginlikdən narahatlıq ifadə olunur.

visiontv.az