Pezeşkianın çıxışı etirazla qarşılaşdı
19.12.2025

İran prezidenti Məsud Pezeşkianın Cənubi Xorasan yalətinin Planlaşdırma və İnkişaf Şurasının iclasındakı çıxışı etirazlarla qarşılaşıb.

Bu haqda yerli sosial media şəbəkəsində paylaşımlar edilib.

Pezeşkian həmin çıxışında su, elektrik böhranı və iqtisadi problemlərə toxunaraq bunu tanrının sınağı adlandırıb:

"Tanrı bizi sınayır. O, bizi oyandırmaq istəyir ki, başa düşək və əvvəlki kimi davranmayaq".

İran prezidenti problemlərin yaranması və həll olunmamasında kimlərin məsuliyyət daşıdığına dair sualları da cavabsız qoyaraq qeyri-müəyyən ifadələr işlədib:

“Kimin günahkar olduğunu demək istəmirəm; hamımızın bu vəziyyətin yaranmasında rolu olub və indi onu düzəltməliyik."

Onun bu çıxışının mediada yayılmasından sonra sosial şəbəkə istifadəçiləri tənqidi paylaşımlar edib, prezidenti "böhranları tanrı sınağı adlandırmaqla" məsuliyyətdən yayınmaqda günahlandırıblar. 

Onlar mövcud vəziyyətin tanrının sınağı deyil, hakimiyyətin yarıtmaz idarəçiliyinin nəticəsi olduğunu yazıblar.

Qeyd edək ki, Məsud Pezeşkian prezident seçkiləri ərəfəsindəki çıxışlarında mövcud olan problemləri həll edə bilməyəcəyi təqdirdə istifa verəcəyinə söz vermişdi.

visiontv.az