Pekin Moskvaya qarşı ilk dəfə bu qədər aydın və sərt reaksiya verib
12.07.2026

Zelenski: Çin Rusiya mediasında nüvə silahından mümkün istifadə ilə bağlı səslənən bəyanatlara ilk dəfə sərt və ultimativ formada reaksiya verib.

“Biz prezident Tramp ilə Çini, onun bu müharibədəki rolunu, iştirakını və ya mümkün iştirakını, eləcə də imkanlarını müzakirə etdik. Amma bütün hörmətimlə, söhbətin məhz bu hissəsinin detallarının mənimlə ABŞ prezidenti arasında qalmasını istərdim.

Ümumilikdə, bu sammitdə Ukrayna, Yaxın Şərq və Çin haqqında çox danışıldı. Bundan başqa, mən bir neçə Avropa lideri ilə görüşdüm və biz Çinin bu müharibənin başa çatdırılmasındakı rolunu müzakirə etdik.

Burada vəziyyət bir qədər dəyişib. Bəzi Avropa liderləri mənə Çin nümayəndələri ilə danışdıqlarını dedilər. Onların sözlərinə görə, Çin Rusiya mediasında nüvə silahından mümkün istifadə ilə bağlı səslənən bəyanatlara çox ciddi, sərt və birmənalı reaksiya verib.

Düşünürəm ki, siz də Rusiya mediasında bu cür fikirləri eşitmisiniz - guya Rusiya Ukraynanın zərbələrinə nüvə silahından istifadə etməklə cavab verə bilər.

Çox vacibdir ki, belə mövqeyi təkcə Avropa ölkələri və ABŞ deyil, Çin də tutub. Mənə elə gəlir ki, Pekin ilk dəfə bu qədər aydın və sərt reaksiya verib.

Avropa liderlərinin mənə çatdırdığına görə, Çin tərəfi ultimativ formada bəyan edib ki, nüvə silahından istifadə barədə heç söhbət belə gedə bilməz”, - Ukrayna Prezidenti Vladimir Zelenski “Radio NV”-nin ABŞ prezidenti Donald Tramp ilə danışıqlar prosesinə təsir amili kimi Çinin müzakirə olunub-olunmadığı barədə sualına cavabında bildirib.

visiontv.az