Paşinyan Ermənistan dəmir yollarını Rusiyanın idarə etməsi haqda suallar qaldırır
12.02.2026

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin dəmiryol şəbəkəsinin Rusiyanın idarəçiliyində olmasına dair suallar qaldırıb. Paşinyan deyib ki, bu, onun hökumətinin Türkiyə və Azərbaycanla nəqliyyat əlaqələrini bərpa etmək səylərinə mane olur.

"Rusiya Dəmir Yolları" (RJD) dövlət şirkəti Yerevanla 2008-ci ildə imzalanmış 30 illik müqavilə əsasında bu şəbəkəni idarə edir. Paşinyan ötən ilin sonunda dəfələrlə bu şirkəti Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmiryol xətlərini sürətlə bərpa etməyə çağırıb. O deyib ki, Rusiya bunu edə bilməsə, yaxud etmək istəməzsə, Ermənistan hökuməti həmin xətləri öz hesabına təmir etməyə hazırdır.

Fevralın 10-da dövlət televiziyasına müsahibəsində Paşinyan deyib ki, Rusiyanın bu sektorda idarəçiliyi Türkiyə və Azərbaycanın Ermənistanın daha böyük hissəsindən tranzit məqsədilə istifadəsinə mane olur. O, Azərbaycanı Naxçıvan eksklavı və Türkiyə ilə Ermənistanın Sünik vilayətindən keçməklə birləşdirəcək dəmir yolundan danışıb.

"Dəmir yolunun (Sünikin) Meğri şəhərinə Zəngilandan daxil olacağı, Meğridən Naxçıvana - Ordubada keçəcəyi aydındır. Beynəlxalq kontekstdə bu dəmir yolunun necə davam edəcəyi çox vacibdir. Hazırda iki rəqabətli variant var", – Paşinyan vurğulayıb.

Qars-Dilucu marşrutu

Yerevan xəttin Türkiyəyə birbaşa deyil, Ermənistanın digər bölgələrindən keçməklə birləşməsini istəyir. Ankara isə ötən ilin avqustunda Türkiyənin şərqindəki Qars şəhərindən Naxçıvana uzanacaq dəmir yolunun tikintisinə başlayıb. Bu xətt Ermənistandan yan keçəcək.

"Görürük ki, beynəlxalq kontekstdə dəmir yolunun bu hissəsinin Rusiya nəzarətində olması Qars-Dilucu marşrutunun daha əlverişli variant kimi təqdimatı üçün istifadə olunur, bu isə bizim üçün problemdir", – deyən Paşinyan əlavə edib ki, Yerevan bu məsələ ilə bağlı Moskva ilə həll yolu tapmaq istəyir.

"Həll yolu tapmalıyıq və bu həlli dostluq, qardaşlıq məntiqi çərçivəsində tapmalıyıq", – o əlavə edib.

Paşinyan bu müsahibədən bir gün öncə ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə danışıqlar aparıb.

Baş nazir RJD ilə idarəetmə müqaviləsinə xitam verilməsinə çalışıb-çalışmayacağını da deməyib.

Rusiya isə Sünikdən keçəcək, prezident Donald Trampın adını daşıyacaq tranzit dəhlizinə ilə bağlı narahatlığımı bildirib. Ermənistan marşrut üzərində ABŞ-yə eksklüziv hüquqlar verib. Təhlilçilər bu razılaşmanı Rusiyanın Ermənistandakı mövqelərinə növbəti zərbə kimi görürlər.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ötən ayın sonunda bildirib ki, Moskva "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsində pay sahibi olmaqda maraqlıdır. Ermənistan rəsmiləri isə belə bir ehtimalı istisna ediblər.

visiontv.az