ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu fevralın 11-də Ağ evdə bağlı qapılar arxasında üç saata yaxın danışıq aparıblar. Amma İranla bağlı aydın razılaşmanın olmadığı xəbər verilir.
"Konkret bir nəticə əldə olunmadı. Mən təkid etdim ki, sonucda razılaşma əldə olunub-olunmadığını bilmək üçün İranla danışıqlar davam etsin", – Tramp görüşdən az sonra "Truth Social" şəbəkəsində yazıb.
Tramp ötən il prezident postuna qayıdandan Netanyahu ilə yeddinci dəfədir görüşür. Öncəki görüşlərdə onlar mətbuat konfransı keçirərdilər, bu dəfə nə jurnalistlərin suallarına cavab veriblər, nə də birgə bəyanatla çıxış ediblər.
Netanyahunun ofisi qısa açıqlamada bildirib ki, iki lider "İranla, Qəzza üzrə danışıqları, regionda baş verənləri müzakirə ediblər".
İranın nüvə proqramı Vaşinqton və İsrail arasında gərginliyin mərkəzində dayanır. İsrail Tehranın nüvə silahı əldə etməyə çalışdığını desə də, İran bunu təkzib edir. Təl-Əviv İranın ballistik raket proqramını, regionda silahlı qruplara dəstəyini öz mövcudluğuna təhdid sayır.
Netanyahu, onun hakim koalisiyasının əsas üzvləri İranda rejim dəyişikliyi istəyirlər.
Tramp isə diplomatiyaya üstünlük verdiyini deyib, danışıqlar alınmasa, bunu mümkün fəsadları ilə bağlı xəbərdarlıq edib.
Ötən həftə Omanda ABŞ və İran komandaları arasında vasitəçiliklə danışıqlar gedib. Növbəti raundun tarixi açıqlanmayıb. Vaşinqton İranın neft sektoruna əlavə sanksiyalar da tətbiq edib.
Pentaqonun keçmiş rəsmisi, hazırda Atlantika Şurasında çalışan Aleks Plitsas deyir ki, Trampın yanaşması öncəki epizodları yada salır, onda da prezident hərbi qüvvələri cəmləməklə yanaşı, danışıqlar üçün yer də qoyurdu: "Prezident Trampın bugünkü görüşdən sonrakı bəyanatı onun Venesuela haqda dediklərinə uyğundur".
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə "The Financial Times"ın fevralın 12-də dərc etdiyi müsahibədə deyib ki, ABŞ və İran nüvə sazişinin əldə olunması üçün kompromisə hazır görünürlər, amma danışıqların Tehranın ballistik raket proqramını əhatələməsi başqa bir müharibə riski yaradar.

İran prezidenti Məsud Pezeşkian deyib ki, ölkəsi nüvə proqramının dinc məqsədli olduğunu isbatlamaq üçün beynəlxalq müfəttişləri qəbul etməyə hazırdır. Bu açıqlama İslam İnqilabının 47-ci ildönümü ərəfəsində səslənir. Bu arada ABŞ hərbi-dəniz qüvvələrini mümkün hərbi zərbələr üçün bölgədə hazır vəziyyətə gətirib.
"Biz nüvə silahı əldə etməyə çalışmırıq. Bunu dəfələrlə bəyan etmişik və istənilən yoxlamaya hazırıq", – Pezeşkian fevralın 11-də ildönümü tədbirlərində deyib.
Ötən ay təhlükəsizlik qüvvələri ölkədə kütləvi etiraz aksiyalarına qanlı divan tutub, minlərlə insan öldürülüb. Fevralın 10-dan 11-nə keçən gecə yayımlanan videolarda isə ildönümü münasibətilə Tehranda atəşfəşanlıq görünür, baxmayaraq ki, ölkədə çoxları yaxınlarına görə yasdadır.
Videolarda "diktatora ölüm" və "Xameneiyə ölüm" şüarları da səslənir. Əli Xamenei İranın ali dini rəhbəridir.
ABŞ və müttəfiqləri etirazçılara qarşı zorakılığı kəskin pisləyib, ABŞ bölgədə hərbi qüvvələrini artırıb. ABŞ prezidenti Donald Tramp Vaşinqtonun etirazçılara dəstək verməyə gəldiyini bildirib.
Fevralın 6-da Omanda ABŞ və İran nümayəndə heyətləri arasında ev sahibinin vasitəçiliyi ilə danışıqlar keçirilib. Bundan sonra Vaşinqton İranın neft sektoruna əlavə sanksiyalar tətbiq edib. Əlavə danışıqların keçiriləcəyi gözlənilir, amma tarixi hələlik bəlli deyil.
Fevralın 11-də isə İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda Trampla görüşməlidir. Netanyahunun ofisi bildirib ki, o, İranla bağlı danışıqlara ölkənin ballistik raket proqramının, Livan, İraq və Yəməndə Tehranın dəstəklədiyi silahlı qruplara yardım məsələlərinin də salınmasını istəyir.
Trampın ilk prezidentlik dövründə Milli Təhlükəsizlik Şurasında çalışmış Aleksandr Qrey AzadlıqRadiosuna bildirib ki, mümkün hərbi zərbələrin taleyini məhz bu məsələlər müəyyən edəcək, İran müxalifətinə dəstək məsələsi yox.
"Prezident bu qəddar repressiyaları görmək istəmir. Amma düşünürəm ki, o, həm də realistdir", – Qrey deyib. Onun fikrincə, Birləşmiş Ştatların əsas maraqları baxımından, insan haqlarının dəhşətli şəkildə pozulmasını qınaya bilər, amma "biz onların proksi fəaliyyətləri, raket və nüvə proqramları ilə bağlı dəyişikliklərə nail olmaq üçün daha çox təsir göstərə bilərik".
ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 11-də Azərbaycanı tərk edərkən bu mövqeni təsdiqləyən açıqlama verib.
"İran xalqı rejimi devirmək istəyirsə, bu, İran xalqının öz işidir. Bizim hazırda diqqət yetirdiyimiz məsələ İranın nüvə silahı əldə etməməsidir. Bu, hətta ilk administrasiya dövründə də prezidentin siyasətinin əsas istiqaməti olub", – o deyib.
visiontv.az