Yaxın Şərqdə artan gərginlik qlobal enerji bazarını yenidən sarsıdıb, neftin qiyməti 111 dolları keçib.
Gunaz TV-nin məlumatına görə, Hörmüz boğazında geosiyasi gərginliyin artması və qlobal enerji təchizatında mümkün fasilələrlə bağlı narahatlıqlar səbəbindən dünya bazarlarında neft bahalaşıb.
Bazar ertəsi, 18 may tarixində Brent markalı neftin qiyməti 1,2 faiz artaraq bir barel üçün 111 dolları keçib. ABŞ-ın West Texas Intermediate xam nefti də 1 faiz yüksələrək 108 dolların üzərində ticarət olunub.
Qlobal neft ticarətinin təxminən 20 faizi Hörmüz boğazından keçdiyi üçün bu strateji marşrutda yaranan hər hansı məhdudiyyət enerji bazarına ciddi təsir göstərə bilər.
Analitiklər xəbərdarlıq edir ki, əgər Hörmüzdəki məhdudiyyətlər davam etsə, neftin qiyməti bir barel üçün 130-140 dollara, hətta daha yuxarı səviyyələrə çata bilər. Bu isə xüsusilə Avropa və Britaniyada yeni inflyasiya dalğasına səbəb ola bilər.
visiontv.az