7 oktyabr terrorun arxasında Tehran dayanır?
18.05.2026

Tehran 7 oktyabr planından xəbərdar idi? Xameneinin adı gizli sənədlərdə keçir.

Gunaz TV-nin məlumatına görə, İsrail mediasında yayımlanan yeni sənədlər İranın 7 oktyabr 2023-cü il HƏMAS hücumundan əvvəl planlardan xəbərdar olması ilə bağlı yeni iddialar ortaya qoyub.

İsrailin “Maariv” qəzeti yazır ki, sənədlər İsrail ordusunun əməliyyatları zamanı əldə olunub və daha sonra ekspertlər tərəfindən araşdırılıb. Məlumata görə, HƏMAS hücum hazırlıqlarına təxminən iki il əvvəl başlayıb.

Sənədlərdə Yahya Sinvarla Həsən Nəsrullah arasında danışıqdan da bəhs olunur. Bildirilir ki, Sinvar 2021-ci ildəki “Qüds Qılıncı” əməliyyatını 7 oktyabr hücumuna hazırlıq kimi qiymətləndirib və bu plan “Böyük layihə” kod adı ilə qeyd olunub.

İddialara görə, hücum üçün bir neçə ssenari hazırlanıb. Onlardan biri İsrailə bir neçə cəbhədən eyni vaxtda hücum idi. Nəticədə isə HƏMAS-ın hücuma başlaması və digər müttəfiq qüvvələrin mərhələli şəkildə qarşıdurmaya qoşulması planı həyata keçirilib.

Sənədlərdə İsmayıl Haniyəyə aid olduğu deyilən mesajda Həsən Nəsrullahın çoxcəbhəli hücumu dəstəklədiyi, yekun qərarın isə Əli Xamenei ilə koordinasiya ediləcəyi iddia olunur.

Həmçinin bəzi görüşlərin Beyrutda İsmayıl Qaani və SEPAH komandirlərinin iştirakı ilə keçirildiyi bildirilir.

7 oktyabr hücumu nəticəsində 1200-dən çox insan öldürülüb, 250-dən çox şəxs girov götürülüb. Bundan sonra bölgədə genişmiqyaslı müharibə başlayıb, Hizbullah da İsrailə qarşı hücumlara qoşulub.

visiontv.az