Düşünürəm ki, insan hər şeyi bilsə yaxşıdır. Məsələn, narkotik “lomka”sı nədir, niyə və necə yaranır?!
Deməli, stresslər və depressiyalar “qırmızı xətti” keçən psixoloji proseslərdir (oxu: problemlərdir) və bütün insanalr bu və ya digər dərəcədə bunların təsirinə məruz qalır. Amma dərdini verən Allah dərmanını da verir. Insan orqanizmi endofrin qrupuna daxil olan xüsusi hormonlar istehsal edir və beyinə “köməyə” göndərir. Bu hormonlar stress və depressiya kimi psixoloji problemlərin təsirini, yaratdığı ağrıları dayandırmağa və aradan qaldırmağa xidmət edir. Sağlam, normal insan bəzən bu ağrıları heç hiss etmir.
Amma insan ağır narkotiklər – heroin, opium, ya kokain qəbul etdikdə, orqanizm avtomatik olaraq, endofrin istehsalını dayandırır, sadəcə olaraq, buna ehtiyac qalmır. Məlum olduğu kimi, ağır narkotiklər stressi, depressiyanı insandan götürməsə də, insanı müvəqqəti götürür və psixoloji problemlərin aradan qaldırılması – “kef dünyası” ilyuziyası yaradır. İnsanın narkotik istifadəçisi, ya aludəçisi olmasından asılı olaraq, endofrin istehsalını 5-15 gün dayana bilər. Narkotikin təsiri isə 1-2 günə keçir, aludəçi mütləq yeni doza qəbul etməlidir. Əks təqdirdə, endofrin müdafiəsi olmayan beyin psixi depressiyaların və narkotik “aclığı”nın dəhşətli hücumlarına məruz qalır...
Heroin aludəçiləri “lomka”ın dəhşətli ağrısını insanın dərisini soymaqla müqayisə edirlər, sanki sənin dərini diri-diri soyurlar və yerinə duz qoyurlar. Kokan aludəçiləri isə, deyirlər ki, elə bil dərinin altında “qoşunla zəhərli qarışqa gəzir” və dayanmadan dişləyir. Hər iki halda, qusma və diareya ara vermir, adam heç zad yemir, ancaq su içir. Dostlar, siz insanın özünün özünə yaratdığı ağrıları – sadizmin miqyasını təsvvür edirsinizmi?! Bu ağrılar gah yüksəlir, gah da zəifləyir, bəzən elə dəhşətli şiddətlənir ki, insan “ağrı şoku”ndan ölə bilir. Belə insan dəlidir və ayağa dura bilsə, hər şeyə, hər çür vəhşiliyə - ölməyə və öldürməyə qadirdir. Təki narkotikin növbəti dozasını əldə etsin və canını bu dəhşətli ağrılardan xilas etsin...
Narkotik “lomka”sı hardasa 10-15 gün davam edir. Birinci 5-6 gün ən dəhşətlisidir, əgər ölməsən və dözsən - növbəti dozanı qəbul etməsən, deməli qalib gəlmisən. Bir qayda olaraq, bu müddətdə qusma və diareya səni tərk edir, ağrılar da zəifləyir. Artıq yemək istəyirsən və bulyondan başlaya bilərsən. Doğrudur, ağrılar daha bir həftə azalaraq davam edir, amma xəstə gündə “iynənin ucu” qədər düzəlirsə, deməli düzəlir. Uzağı bir aya ayaq üstəsən, hətta idman edə, üzə də bilərsən. Bir şərtlə, narkotikdən uzaq gəzməli və “qulağında sırğa” etməlisən: sən onu sevməsən də, o, səni sevir...
Amma hər şey insanın öz iradəsindən asılıdır - sağalanlar olur... Hətta deyirlər ki, keçmiş narkomanlar da olur...
Qalib ARİF
visiontv.az