İran müharibəsinin yaratdığı ən böyük dəyişikliklərdən biri dünya enerji bazarında baş verir.
Hörmüz boğazında daşımaların pozulması Yaxın Şərqdən neft və qaz ixracına ağır zərbə vurub. Bunun ən dramatik nümunələrindən biri Qətərdir. Reuters-in hesablamasına görə, müharibənin ilk altı ayında Qətərin Liquefied Natural Gas-(maye qaz) LNG ixracı 96 faiz azalıb və ölkə təxminən 24 milyard dollarlıq qaz satışından məhrum olub. Yaranmış boşluğun bir hissəsini isə ABŞ LNG-si doldurmağa başlayıb.
Neftdə də oxşar mənzərə yaranıb. ABŞ Enerji İnformasiyası Administrasiyasının məlumatına görə, apreldə Amerikanın xam neft və neft məhsulları ixracı rekord 13,6 milyon barel/günə çatıb. EIA bunun səbəblərindən biri kimi Hörmüzdən tədarükün pozulması nəticəsində ABŞ enerjisinə tələbatın artmasını göstərir.
Son günlər vəziyyət daha da gərginləşib. İranla qarşıdurma yenidən genişlənib, hüsilər Səudiyyə Ərəbistanına raket və dron hücumları həyata keçiriblər, Brent nefti yenidən 100 dollar həddinə yaxınlaşıb.
Amma enerji xəritəsində başqa mühüm dəyişiklik də baş verir — Venesuela.
İllərlə ABŞ sanksiyalarının təzyiqi altında qalan və dünyanın ən böyük sübut edilmiş neft ehtiyatlarına sahib olan Venesuelanın enerji sektoruna Amerikanın iqtisadi çıxışı indi genişlənir. Chevron Venesuelada milyardlarla dollarlıq yeni investisiya və hasilatın ciddi artırılmasını planlaşdırır. Bu isə Yaxın Şərqdən enerji tədarükünün riskə düşdüyü bir vaxtda ABŞ-a əlavə strateji üstünlük verir.
Beləliklə, maraqlı mənzərə yaranır:
İranın enerji ixrac imkanları zəifləyir. Qətər LNG bazarının böyük hissəsini itirir. Körfəzdən daşımalar bahalaşır. Avropa və Asiya alternativ enerji axtarır. ABŞ isə bir tərəfdən öz neft və LNG ixracını artırır, digər tərəfdən Venesuelanın nəhəng neft ehtiyatlarına çıxışını gücləndirir.
Əlbəttə, bundan “ABŞ bu müharibəni neft satmaq üçün başlayıb” nəticəsi çıxarmaq olmaz. Bunun sübutu yoxdur. Müharibənin Amerikanın özü üçün də böyük hərbi, siyasi və iqtisadi xərcləri var.
Amma müharibənin yaratdığı nəticəni görməmək də mümkün deyil. Üstəlik, Amerikanın Venesuela neftinə nəzarəti ələ keçirməsi də Vaşinqtona əlavə üstünlüklər verir…
Müasir geosiyasətdə enerji də silahdır, bazar da, logistika da.
Ona görə İran müharibəsinə baxarkən yalnız cəbhədə kimin qalib gəldiyini soruşmaq kifayət deyil.
Əsas suallardan biri budur: müharibə bitəndən sonra dünya enerjini kimdən alacaq və enerji bazarında kimin çəkisi daha böyük olacaq?
Çünki bəzən müharibənin ən böyük iqtisadi qazancını cəbhədə döyüşənlər deyil, cəbhədən minlərlə kilometr uzaqda neft və qaz satanlar götürür…
Elbəyi Həsənli
visiontv.az