Axşam “Maestro”ya baxdm.
“Netflix”in Leonard Bernstaynın (Leonard Bernstein, 1918-1990) musiqi zəkası ilə gizli həvəslərini birləşdirəcəyindən ehtiyat etmişdim.
Təxminim tutdu.
20-ci əsrin ən böyük musiqi adamlarından biri olan Bernstayn akademik musiqi ilə cazın ən parlaq təmsilçilərindən biri, görkəmli dirijor və usta pianoçu idi.
Bernstayn deyəndə Maleri – ən çox sevdiyim dahi Avstriya bəstəkarı Qustav Maler (1860-1911) düşür yadıma. O, yeganə dirijordur ki, Malerin tam simfonik silsiləsinin səsyazmasını iki dəfə həyata keçirib.
Bernstayn 1990-cı ildə Nyu York qəbiristanlığında ürəyinin başında Malerin 5 nömrəli simfoniyasının partiturası ilə dəfn edilib…
Bernstayn Maler musiqisinin populyarlaşmasında mühüm rol oynamışdır.
Bernstayna qədər Maleri ancaq Avropada tanıyırdılar.
Malerin 10 simfoniyasının ABŞ-da tanınması Bernstayn sayəsində olmuşdur.
Filmdə də ən heyrətamiz musiqi parçası Malerin ölümsüz 5-ci simfoniyası və onun əfsanəvi Adajiettosudur. Düz 10 il əvvəl yazdığım “Sevgililərindən Tanrılar Yaratmış Qadın” adlı məqaləmdə belə yazmışdım:
“Qorxunun, yalanın, səksəkənin, ölümün dərinliklərini ələ alır Maler musiqisində. Cənazə marşı ilə başlayır 5-ci simfoniya. Amma getdikcə Maler o məşhur lirizmini işə salır və təlatümün arxasınca arfa qaranlığın içindən Günəşi çıxarmağa çalışır sanki. Adajiettoda həsrət, acı, iztirab o qədər dərin və təsirlidir ki, insanın daxilini param-parça edir. Musiqini irəliyə aparmaq, inkişaf etdirmək yerinə Maler tərəddüd edir, geriyə, başdakı akkordlara qayıdır, major və minor bir-birinə qarışır. O ürpədici musiqi qərar verə bilmir — qaranlıqdamı qalsın, yoxsa işığamı can atsın. Və melodiya sönməyə doğru gedir. Ruhun bədəndən ayrılışını ancaq Maler belə təsvir edə bilərdi. Ölüm əbədiyyətlə dialoqda müvəqqəti bir pauzadır, son deyil”...
Ölüm əbədiyyətlə dialoqda müvəqqəti bir pauzadır, son deyil…
“Maestro”nu bəyənib, bəyənmədiyimi yazmayım. Tənqidçilər ehtimal ki, bu işi mütləq görəcəklər. Mən sadəcə ölməz Malerin bənzərsiz musiqisini yaşadıb, onu gələcək yüzilliklər daşıya Leonard Bernstayn haqdakı filmə baxmaya bilməzdim…
Film Lenni Bernstaynı həyatından və onun Çili əsilli Felicia Montealegre ilə evliliyindən bəhs edir. Baş rol ifaçısı Bredli Kuper (Bradley Cooper) həm də filmin rejissorudur. Məşhur aktyor Kuperi tanıyanlar onun Bernstaynla oxşarlığına təəccüblənməmək olmur.
Mediadan “Maestro”nun bu il 80-ci Venesiya Film Festivalında dəqiqələrcə ayaqda alqışlandığını və qarşıdakı Oskar yarışında güclü namizədlərdən biri olduğunu oxumuşam.
Filmin ortalarında onun görkəmli dirijor haqqında deyil, arvadı Montealegre haqqında olduğunu belə düşündüm. Bu rola çəkilmiş Carey Mulligan hər zamankı kimi mükəmməldir.
“Maestro” haqda bu qədər.
Baxmaq istəsəniz sizə “İyi Seyrler”…
İbrahim Nəbioğlu
visiontv.az