Kreml Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb. Sazişi Rusiya tərəfdən Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Əfqanıstan tərəfdən isə bu ölkənin müdafiə naziri Məhəmməd Yaqub imzalayıb. Məhəmməd Yaqub Talibanın qurucusu Molla Ömərin oğludur. Bu sənəd Moskva vilayətində keçirilən beynəlxalq təhlükəsizlik forumunda imzalanıb. Maraqlıdır ki, Taliban hərəkatı son illərə qədər Rusiyanın terrorçular siyahısında idi. Rusiyanın Ali Məhkəməsi 2025-ci ildə qərar verərək, Talibanın Rusiya ərazisində terror təşkilatı kimi qadağan olunması barədə qərarın icrasını dayandırıb.
Taliban Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığa maraq göstərir. Moskva ilə Taliban arasında əldə olunan razılaşmaya görə, Rusiya Əfqanıstana silah tədarükü həyata keçirəcək. Bundan başqa Talibanın yatırımlara və birgə iqtisadi layihələrin icrasına ehtiyacı var. Vaxtilə Pakistan və İranda sığınacaq tapan milyonlarla əfqan zorla ölkələrinə göndərilib və bu kasıb Əfqanıstanın vəziyyətini daha da ağırlaşdırıb. Digər tərəfdən Talibanla Pakistan arasında münasibətlər gərgindir, sərhəddə tez-tez toquşmalar baş verir, bu zaman hər iki tərəf itki verir. Belə vəziyyətdə Talibanın daha çox tərəfdaşa ehtiyacı var. Kreml Əfqanlstanla Pakistan arasında tərəf tutmasa da, Talibanla imzalanan hərbi əməkdaşlıq sazişin İslamabadın narahatlığına səbəb olub.
Moskva Talibanla əməkdaşlığı genişləndirməyə hazırdır. Rusiya hakimiyyətinin Talibanla əməkdaşlığı genişləndirməkdə məqsədi Qərb ölkələrinin Əfqanıstanda mövqelərinin güclənməsini əngəlləməkdir. Çin sözdə Rusiyanın tərəfdaşı olsa da, Kreml Pekinin də Əfqanıstanda mövqelərinin güclənməsindən narahatdır. Çin Əfqanıstanın yeraltı zənginliklərindən faydalanmağa çalışır. Çin və Rusiya Mərkəzi Asiyada rəqibdirlər. Kreml Əfqanıstanı da rəqabətdə Pekinə uduzmaq istəmir. Kreml Kabili önəmli bir məsələdə də dəstəkləyir. Sergey Şoyqu Qərb ölkələrini Əfqanıstanın dondurulmuş aktivlərini açmağa və ölkənin bərpasına maliyyə dəstəyi verməyə çağırıb. Qərbin bu çağırışa müsbət reakssiya verəcəyi çətindir.
Elxan Şahinoğlu
visiontv.az