Kaya Kallas Aİ-nin diplomatik xidmətinin ləğvi ilə bağlı şayiələrə cavab verdi
12.06.2026

Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallas səlahiyyətlərinin əlindən alınması ilə bağlı şayiələri şərh edərək, işinin Avropa üçün yüksək əlavə dəyər daşıdığını bildirib.

 Bu məlumatı "Politico" nəşrinin  Avropa bürosu yayıb.

Bir müddət öncə "The Financial Times" nəşri yazmışdı ki, Aİ-də xarici siyasət uğursuzluqları fonunda Kallasın rəhbərlik etdiyi diplomatik xidmətdə radikal islahat aparılması imkanı nəzərdən keçirilir. Söhbət əsasən Kallasın müstəqilliyinin məhdudlaşdırılması və  Avropa diplomatik xidmətinin səlahiyyətlərinin üzv dövlətlərin xarici işlər nazirliklərinə təhvil verilməsindən gedir.

Sözügedən məqalənin ardınca Kallas  Avropa  Xarici Fəaliyyət  Xidmətində çalışan 5 minə yaxın işçiyə xüsusi məktub ünvanlayıb.

Bununla yanaşı, diplomat islahatlarla bağlı aparılan diskussiyaları müsbət qiymətləndirdiyini və bu kimi təklifləri  Aİ-yə daxil olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında nəzərdən keçirəcəyini bildirib.

Kallas o cümlədən əlavə edib ki, Avropa İttifaqı təsisatlarının vəzifə və funksiyaları beynəlxalq razılaşmalarda dəqiq formada öz əksini tapıb.

visiontv.az