ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
12.06.2026

Ermənistanda hakim partiyanın seçkilərdə qələbəsi siyasətin davamlılığını təmin etsə də, Azərbaycanla münasibətlərin normallaşdırılması və Avropa İttifaqına inteqrasiya ilə bağlı məsələlərdə qeyri-müəyyənlik qalır.

Bu barədə ING Bankının Ermənistan iqtisadiyyatı ilə bağlı qiymətləndirməsində bildirilir.

Bank qeyd edir ki, hakim partiya parlamentdə üstünlüyünü qorusa da, konstitusiya dəyişiklikləri üçün tələb olunan superçoxluğu əldə etməyib. ING-in qiymətləndirməsinə görə, bu amil Azərbaycanla gərginliyin aradan qaldırılması və ya  Aİ-yə inteqrasiya istiqamətində tələb oluna biləcək konstitusiya dəyişikliklərini çətinləşdirə bilər.

Hesabatda vurğulanır ki, portfel investisiyalarının axını və pul köçürmələrinin artması fonunda Ermənistan dramının möhkəmlənməsinə baxmayaraq, Azərbaycanla həll olunmamış fikir ayrılıqları milli valyuta üçün risk faktoru olaraq qalır.

Bununla yanaşı, bank hesab edir ki, Ermənistanın Aİ ilə inteqrasiya prosesinin ləngiməsi Rusiyanın iqtisadi cavab tədbirləri riskini də azaldır. Qeyd edilir ki, Ermənistanın qaz idxalının ən azı 80%-i, xarici ticarətinin üçdə biri və pul köçürmələrinin üçdə ikisi Rusiyanın payına düşür.

ING bildirir ki, Ermənistan-Aİ-Rusiya münasibətlərinin gələcək inkişafı ilə bağlı siyasi gündəmin bazarlar üçün konkret nəticələr yaradıb-yaratmayacağı hələ aydın deyil.

Bankın proqnozuna görə, xarici siyasətlə bağlı qeyri-müəyyənlik, Ermənistan dramının güclü mövqeyi və illik inflyasiyanın 4-5% diapazonunda qalması fonunda Ermənistan Mərkəzi Bankı gələn həftə uçot dərəcəsini 6,5% səviyyəsində dəyişməz saxlayacaq.

visiontv.az