Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir
13.06.2026

Ermənistanda “Güclü Ermənistan” siyasi bloku iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

“Sputnik-Armenia”nın xəbərinə görə, MSK-ya müraciəti “Güclü Ermənistan” blokunun nümayəndəsi  Aram Vardevanyan təqdim edib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, blokun ehtimal olunan pozuntularla bağlı çoxsaylı sübutları var.

“Daim ən dürüst və şəffaf seçkiləri məhz özünün keçirdiyini bəyan edən hakimiyyət praktikada bu iddialarını təsdiqləyə bilmədi. Hətta  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qiymətləndirmələri də ciddi geriləmədən xəbər verir”, — Vardevanyan bildirib.

Onun sözlərinə görə, partiya MSK-ya yalnız rəsmi müraciət deyil, həm də səsvermə günü və seçkiöncəsi dövrdə baş verdiyini hesab etdiyi genişmiqyaslı pozuntular barədə məlumatlar təqdim edib.

Qeyd edək ki, “Güclü Ermənistan”a rusiyalı iş adamı Samvel Karapetyan rəhbərlik edir.

visiontv.az