Kadırov oğlunun qəzaya düşməsi haqda xəbərləri 'uydurma' adlandırıb
11.02.2026

Çeçenistan rəhbəri Ramzan Kadırov oğlunun düşdüyü yol-nəqliyyat hadisəsi haqda xəbəri "uydurma" adlandırıb. O bu haqda Çeçenistan prokuroru Arsan Adayev ilə görüşündə bildirib. Video Kadırovun Telegram-kanalında yayımlanıb.

"Süni intellekt vasitəsilə istənilən adamı aldatmaq olar. Ölkədə 128 min qəza baş verib, 13 min 9 nəfər həlak olub. Heç kəs buna əhəmiyyət vermir, heç kim heç nə demir", – Kadırov deyib. O əlavə edib ki, oğlunun qəzası haqda "dezinformasiya" dünyada xəbərlərin "bir nömrəli" mövzusuna çevrilib. Amma Kadırov qəza olmadığını açıq deməyib.

Videoya yerləşdirilmiş mətndə görüşdə respublika rəhbərinin feyk xəbərlərlə mübarizənin aktuallığına diqqət çəkdiyi, bu mübarizəni gücləndirməyə söz verdiyi qeyd edilib. Kadırovun sözlərinə görə, "respublikamız barədə düzgün olmayan məlumatlar hər zaman mediada xüsusi ajiotaj yaradır".

İlk dəfədir Çeçenistan hökuməti 18 yaşlı Adəm Kadırovun düşdüyü qəza ilə bağlı şərh verir. A.Kadırovun səhhəti, hazırda harada olduğu ilə bağlı dəqiq bilgi yoxdur. "Kavkaz.Realii" yazır ki, Çeçenistan rəhbərliyi, dövlət mediası Kadırovun oğlunun köhnə görüntülərini yeni kimi təqdim edirlər. Bu yaxınlarda onun Instagram hesabında ləzginka rəqsi və atışma videosu yayımlanıb.

A.Kadırovun olduğu maşın karvanının yanvarın 16-da qəza törətdiyi bildirilir. Qəzada öndəki avtomobilin sürücüsü həlak olub, Çeçenistan rəhbərinin oğlu və onun ətrafından təxminən 20 nəfər xəstəxanaya aparılıb. A.Kadırov isə təyyarə ilə Moskvaya müalicəyə göndərilib, - "Kavkaz.Realii" yazırdı.

"Novaya qazeta Yevropa"nın məlumatına görə, sükan arxasında Kadırovun şəxsi mühafizəçisi, Çeçenistan daxili işlər nazirinin qardaşı oğlu olub. "NIYSO" hərəkatı isə bildirir ki, o və daha iki mühafizəçi də yaralanıb, biri baş beynindən ağır xəsarət alıb.

visiontv.az