İranlı tələbələr Azərbaycana qarşı təbliğata qoşuldu
16.10.2026

Tehran Universitetinin Bəsic təşkilatının üzvləri olan tələbələr Azərbaycanın İrandakı səfirliyinin qarşısında plakat yerləşdirərək ölkədə hicabla bağlı uydurma məhdudiyyətlərə etiraz ediblər.

Plakatda İranın Rza şah Pəhləvi dövründə həyata keçirilən məcburi hicabsızlaşdırma siyasətinə istinad olunub. Orada “Müsəlman xalqına qarşı açıq müharibənin sonu İslam inqilabının başlanğıcıdır” ifadəsi yer alıb. Bununla da iranlı tələbələr riyakarcasına Azərbaycandakı məktəbli geyimi qaydalarını İranın tarixi siyasi hadisələri ilə əlaqələndirməyə çalışıblar.

Tehran Universitetinin Bəsic təşkilatının rəhbəri Əmir Məhəmməd Mərzani ikiüzlülüklə bildirib ki, aksiya Azərbaycanda məktəblərdə və universitetlərdə müəllim və tələbələrin hicab taxmasına məhdudiyyət qoyulduğu iddialarına cavab olaraq təşkil edilib.

Qeyd edək ki, iranlı öyrəncilərin başqa ölkənin səfirliyi qarşısında aksiya keçirməsi və Azərbaycanın təhsil qaydalarını İranın inqilab tarixi ilə əlaqələndirməsi siyasi təbliğatdan başqa bir şey deyil Azərbaycanın məktəbli geyimi ilə bağlı qərarlarını İranın keçmişi ilə müqayisə etmək isə fərqli ölkələrin hüquqi və ictimai reallıqlarını bir-birinə qarışdırmaqdır. Əgər Tehran qarşılıqlı hörmətdən danışırsa, ilk növbədə Azərbaycanın daxili məsələlərini özünün ideoloji mübarizənin alətinə çevirməkdən çəkinsə daha yaxşı olar.

visiontv.az