Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirməyə cəhd olunub
16.10.2026

Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinə cəhd olunub.

Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar  xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddə keçirmək cəhdinin qarşısı alınıb.

Belə ki, 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma atası tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən orada olan idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 16 ədəd bükülüdə 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

"Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur", nazirlikdən bildirilib.

visiontv.az