“İran ölkədir, yoxsa bir dava?”
22.03.2026

İranın başına gələnlər, bu görünməmiş müsibət mənə Henri Kissincerin məşhur sualını xatırlatdı: “İran ölkədir, yoxsa bir dava?”

Orijinalı “Is Iran a nation or a cause?” kimi səslənən bu ifadə İranın klassik dövlətlərdən fərqli siyasi davranışını izah etmək üçün işlədilir. Kissingerin fikrincə, bəzi dövlətlər əsasən milli maraqların məntiqi ilə hərəkət edir, bəziləri isə özlərini müəyyən ideoloji və ya sivilizasiya missiyasının daşıyıcısı kimi görürlər.

Onun nəzərində İran, xüsusilə 1979-cu il İslam İnqilabından sonra, yalnız coğrafi sərhədləri olan bir dövlət kimi deyil, həm də müəyyən ideoloji layihənin – inqilabi siyasi-dini modelin – daşıyıcısı kimi davranmağa başlamışdır.

Başqa sözlə, bu sual İranın xarici siyasətinin bəzən klassik dövlət məntiqindən çox ideologiya və tarixi missiya anlayışı ilə formalaşdığını ifadə edən strateji müşahidədir. Elə buna görə də Kissingerin bu cümləsi beynəlxalq münasibətlər və geosiyasət müzakirələrində tez-tez xatırlanan və sitat gətirilən fikirlərdən biri sayılır.

“Tarix isə bəzən dövlətləri məhz bu sualla üz-üzə qoyur: sən sadəcə bir ölkəsən, yoxsa bir ideyanın taleyini daşıyan siyasi layihə?”

İbrahim Nəbioğlu

visiontv.az