Əli Laricanin yerinə SEPAH öz adamı Səid Cəlilini təyin etdirəcək
19.03.2026

Azərbaycanda Əli Laricani çox şişirdilir. Rejimin beyni olduğu, əsas adam olduğu, boz kardinal olduğu, bunlar hamısı şirin nağıllardı. İlk növbədə onu deyim ki, Əli Laricanin hər zaman ən böyük hədəfi prezident olmaq idi. Amma ola bilmədi.

2005 - ci ildən sonra demək olar ki, bütün seçkilərdə namizədliyini irəli sürürdü. Əksəriyyətində Xamenei onu seçkiyə buraxmırdı. Son illərdə Əli və Sadiq Laricani qardaşları faktiki qürub etmişdi. Bu da onların SEPAH - la üz - göz olmasına görə idi. Buna görə SEPAH Əli Laricanini parlament sədrliyindən uzaqlaşdırıb öz adamı, Tehranın meri Məhəmməd Bagir Qalibafı onun yerinə gətirdi. Sonra isə qardaşı Sadiq də məhkəmə hakimiyyətinin rəhbərliyindən uzaqlaşdırıldı. Bu qardaşların atası Ayətullah Amuli Əli Xameneinin müəllimi olub, ailə ilə arası yaxşı idi. Onları ayaqda saxlayan da elə Əli Xamenei idi. Son ali rəhbər seçkisi zamanı Əlinin Sadiqi ali rəhbər etmək üçün seçkiyə ciddi etiraz etməsi, digər güclü namizədlər Həsən Xomeyni və Həsən Ruhani ilə işbirliyinə girməsi faktiki problem yaratmışdı. Buna görə də bu onun sonu oldu. Ehtimal ki, Əli Laricanin yerinə SEPAH öz adamı Səid Cəlilini təyin etdirəcək. Qeyd edim ki, sonuncu prezident seçkisində SEPAH - ın təzyiqi ilə Əli Laricani seçkiyə buraxılmadı, ancaq Səid Cəlili və Məhəmməd Bagir Qalibaf kimi şəxslər seçkiyə buraxılmışdı. Bu bütün mənzərəni gün üzünə çıxarır.

Siyasi analitik Zeynal Əmrəliyev

visiontv.az