İllərdir reallaşma mərhələsində olan layihə nəhayət aktiv fazaya keçib
12.08.2025

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılması uzun müddətdir gündəmdə olan, lakin regionda hüquqi, texniki və diplomatik səbəblərə görə ləngiyən mühüm təşəbbüsün icrasının sürətlənməsini nümayiş etdirir. Əvvəllər bu layihənin reallaşmasına əsas əngəllərdən biri Xəzər dənizinin hüquqi statusunun tam aydın olmaması və regional razılaşmaların yetərincə formalaşmaması idi. Bu gün isə regional rəqəmsal əməkdaşlığa və informasiya təhlükəsizliyinə dair daha çevik və praktiki yanaşma müşahidə olunur.

Sumqayıt–Aktau xətti üzrə planlaşdırılan 400 Tbit/s ötürmə qabiliyyəti regionun rəqəmsal informasiya axını üçün yeni imkanlar yaradacaq. Bu, yalnız texniki inkişaf deyil, həm də Azərbaycanın beynəlxalq rəqəmsal bazarlardakı mövqeyinin güclənməsi baxımından strateji addımdır. Hazırda həyata keçirilən tədqiqat mərhələsi dəniz dibi və sahilyanı ərazilərin təhlilini əhatə edir, bu isə kabelin təhlükəsizliyi və ekoloji davamlılığını təmin etmək baxımından vacibdir. Layihənin 2026-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır və Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistanı birləşdirəcək regional rəqəmsal dəhlizin əsas halqasına çevriləcək.

Nəticə etibarilə bu təşəbbüs, Xəzər dənizini rəqəmsal körpüyə çevirəcək. Paralel olaraq isə Azərbaycan üçün həm siyasi, həm də texnoloji baxımdan yeni imkanlar açacaq. Əsas məsələ, bu cür strateji layihələrə uzunmüddətli baxışla yanaşmaq və texnologiyanı regional əməkdaşlıqla uzlaşdırmaqdır.

AİKTSA sədri Elvin Abbasov

visiontv.az