Gözəgörünməz qitə... Okeandakı kiçik ölkələr... Mikroneziya...
Gözəgörünməz qitə... Okeandakı kiçik ölkələr... Mikroneziya...
04.01.2023 MEDİA Tərəfindən

Mikroneziya Federativ Ştatları Sakit okeanda olan Karolin arxipelaqındakı 607 adada yerləşir. Bu ölkənin xalqları müxtəlif mədəniyyətə və dillərə malikdir. Federativ dövlətin tərkibinə dörd ştat - Yap, Ponpei, Truk və Kosrae daxildir.

Ölkə keçmiş metropoliyası ABŞ-la sıx ticarət əlaqələri saxlayır. Ştatların adı yerləşdikləri ən böyük adalara uyğun gəlir. Geoloji quruluşuna görə mərcan mənşəli adalar alçaq, vulkan mənşəli adalar nisbətən yüksəkdir. Mikroneziya leysan formasında yağıntılara malik rütubətli tropik iqlimə malikdir. Adalar Sakit okean akvatoriyasında 1,6 mln. km2 sahədə yayılsa da, quru sahəsi cəmi 700 km2-dir. Mikroneziyada asfalt örtüyü çəkilmiş yolun uzunluğu cəmi 42 km-dir. Kiçik yaşayış məntəqələrinin bir çoxunda elektrik enerjisi və su xətləri yoxdur. Adada əsasən natural təsərrüfat qaydaları üstünlük təşkil edir. Sakinlər kokos, banan, taro, yams, batat, maniok, tərəvəz becərir, ev quşları və donuz saxlayır. Son dövrlərdə balıqçılığın rolu artır. Ölkə gəlirlərinin çox hissəsini ABŞ-dan ayrılan təmənnasız kömək təşkil edir. Yap adasının sakinləri qədim mədəniyyətini, o cümlədən, qəbilə başçılarını, rəqslərini, daş bünövrələrdə, palma ağacı yarpaqlarından yaşayış yerlərini saxlayıblar. 

Mikroneziyalılar yerli dinə inansa da, formal olaraq əhalinin çox hissəsi xristian dininə etiqad edir.  Sahəsi: 701 km2. Əhalisi: 125 min nəfər. Paytaxtı: Palikir. Rəsmi dillər: ingilis, ponape, tunqaru. Dini etiqad: katolik, protestant. Pul vahidi: ABŞ dolları  Dövlət quruluşu: Respublikadır.

Bünyamin Bünyadzadə

Visiontv.az