Əziz Əliyevin yetişdirdiyi və Makuya göndərdiyi diplomat – XÜSUSİ MİSSİYA
18.09.2025

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb. Visiontv.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşürük.

…Məhz bu zaman  İrandakı diplomatik korpuslara  partiya və dövlət işlərində çalışan azərbaycanlı kadrlar sırasından namizədlər irəli sürülür. Bu sənəddə Cənubi Azərbaycanda yeni  konsulluqların yaranması və oraya azərbaycanlı kadrların təyin edilməsi təklif olunurdu. Əziz Əliyevin yetişdirdiyi və onu Moskvaya fars dili üzrə Ali Diplomatik Akademiyaya (ADA) təhsil almağa göndərdiyi Bağır Seyidzadə barədə ilk məlumatı buradan alırıq. Onu Makuda diplomatik fəaliyyətə göndərirdilər. Bu insanların adı 1950-ci ildə M.C.Bağırov tərəfindən eyni ittihamlarla vəzifədən kənarlaşdırılanda yenidən gündəmə gələcəkdi. Bu barədə kitabın diğər bölməsində bəhs edəcəyəm (A.M.)

ARPİİİSSA F №1, siy. №89, iş № 141

Vəzifə və namizədlərin

SİYAHISI

DİPLOMATİK İŞ

Səfirlik (Tehran)

1. Müşavir – Yaqubov Əhəd Əli Əkbər oğlu

2. 1-ci müşavir – Orucov Məmməd Tağı-Quba raykomu.

3. 3-cü müşavir – Haşımov Cəbrayıl İsrafiloviç.

Mərkəzi konsulluq (Təbriz)

4. Vitse-konsul – Rəhimov Süleyman – MK təbliğat şöbəsi.

5. Katib – Mirzə Məmmədov.

Vitse-konsulluq (Maku)

6. Vitse-konsul – Mustafayev Mustafa Seyid Əhməd oğlu.

7. Katib – Bağır Seyidzadə Mirqasım oğlu

(Bu siyahı çox böyükdür, buna görə də onun yalnız bir hissəsini verdim, ümumilikdə Cənubi Azərbaycanın 12 şəhərində konsulluq açılır və Baş konsulluq Təbrizdə yerləşdi. Əslində bu vəzifəyə  təyin olunanlar, yeni yaradılacaq dövlətin Cənubi Azərbaycanın bölgələr üzrə partiya rəhbərliyində təmsil olunacaqdılar -A.M.).

Məhz Bağır Seyidzadə vasitəsi ilə Əziz Əliyev Cənubi Azərbaycandakı prosesləri tam diqqət mərkəzində saxlayırdı. O, Əziz Əliyevin Cənubi Azərbaycanda təməlini qoyduğu işlərin nə qədər düz olduğunu və bu yoldan sapınmanın nə qədər ziyanlı olduğunu  bildirərək  yazırdı (ARDA:F.28,siy.4,s.v.20,vər.102-108.): “Cənubi Azərbaycan əhalisi Sovet Azərbaycanının incəsənətinə çox böyük maraq göstərir. Bizim artistlərin İran şəhərlərindəki çıxışları bunu əyani şəkildə sübut etdi. Artistlər Makuda cəmi bir gün oldular, yalnız bir konsert verdilər. Buna baxmayaraq, əhali bizim mahnıları misli görünməmiş qısa müddətdə öyrəndi. Hazırda çoxsaylı uşaqlar, gənclər, hətta yaşlı sakinlər də Sovet Azərbaycanı mahnıların öyrəniblər və ifa edirlər. Vətənpərvər ruhlu “Azərbaycan” mahnısı xüsusilə geniş yayılıb. Bu mahnını melodiyasını və sözlərini bizim konsul dairəsindəki şəhərlərin hər yerində eşitmək olar. Səciyyəvi haldır ki, hazırda Sovet Azərbaycanının musiqisi və mahnıları yazılmış qramofon plastinkalarına böyük tələbat var, satışda belə plastinkalar, demək olar ki, yoxdur.

Bununla əlaqədar, onu da qeyd etmək lazımdır ki, radio verilişləri Azərbaycan mahnılarının, Azərbaycan musiqisinin və ədəbiyyatının təbliği üçün çox böyük əhəmiyyət kəsb edərdi. Lakin bəzi yoldaşlar bunu lazımınca qiymətləndirmirlər. Bizim bir radio qovşağımız var – Xoy şəhərindədir, orada yalnız Moskva verilişləri translyasiya edilir. O biri respublika verilişlərini demirik, hətta Bakıdan məxsusi olaraq İran üçün yayımlanan verilişlər də translyasiya edilmir.

Bakıdan yayımlanan verilişlərin translyasiya edilməsinin zəruri olması barədə Xoy şəhərindəki qoşunların komandanlığına dəfələrlə müraciət etməyimizə cavab olaraq siyasi şöbənin rəisi yoldaş Çumakov və başqaları bildiriblər ki, yanacaq üçün maliyyə təxsisatı olmadığına görə onlar radioqəbuledicini qidalandıran elektrik stansiyasını gündüz vaxtı işə sala bilmirlər. Onların sözlərinə görə, yanacaq üçün maliyyə vəsaiti ayrılması məsələsi nədənsə indiyə qədər Hərbi Şura tərəfindən həll edilməyib.

Biz bu nöqsanı mümkün qədər tezliklə aradan qaldırmalıyıq ki, çoxdan bəri öz doğma mədəniyyətinə ehtiyac duyan və Azərbaycan mahnılarının hər bir təranəsinin, milli musiqinin hər bir melodiyasının, ana dilində olan hər kəlmənin həsrətində olan əhalinin ümdə tələbatını ödəyək.

Bakıdan yayımlanan, məxsusi olaraq İran üçün nəzərdə tutulan radio verilişlərinin keyfiyyətinin yaxşılaşdırılması da zəruridir. Radio Komitəsi adətən rəsmi materialları yayımlayır və Sovet İttifaqının zəhmətkeşlərinin həyatı və mübarizəsi haqqında söhbətlərə, demək olar ki, əsla yer ayırmır. Bundan əlavə, həmin verilişlər üçün yerli azərbaycanlı əhaliyə yabançı olan, fars sözləri ilə korlanmış hansısa xüsusi dil seçilmişdir. Azərbaycan dilinin bu şəkildə təhrif edilməsinin səbəbi İranda yaşayan azərbaycanlılara da aydın deyil. Buna görə də Azərbaycan dilinə çoxsaylı anlaşılmaz sözlərin daxil edilməsinə və ya Cənubi Azərbaycan dialektinin spesifik xüsusiyyətlərinin nəzərə alınması adı ilə tələffüzün həddən artıq dəyişdirilməsinə heç bir ehtiyac yoxdur. Bu baxımdan, “Vətən yolunda” qəzetinin (vaxtilə Əziz Əliyev tərəfindən əsası qoyulan qəzet-A.M.) dilini daha məqbul hesab edirik.

Lakin, buna baxmayaraq qəzet yalnız şəhərlərdə yayılır, kəndlərə gedib çatmır. Redaksiyanın işçiləri redaksiya çərçivəsində qapanıb qalıblar, onlar yerlərə getmir, oxucularla əlaqə yaratmırlar. Redaksiya indiyə qədər bizim konsul dairəsində qəzetin ətrafında yerli əhalidən olan müxbirlər şöbəsi yarada bilməyib, buna görə də rayonların həyatına aid bəzi maraqlı məqamlar qəzetin səhifələrində öz əksini tapmır və işıqlandırılmır. Qəzetdə Maku qəzasının həyatına aid demək olar ki heç bir yazı, heç bir informasiya yerləşdirilməyib. Bütün bunlar ona gətirib çıxarıb ki, qəzetin tirajı azalmağa başlayıb.

Qəzetdə Sovet İttifaqının Şərq xalqlarının həyatı, onların keçmişi və bu günü, onların sərkərdələri və qəhrəmanları haqqında tarixi və faktiki materiallar yetərincə işıqlandırılmır. Qəzetdə bəzən hətta bizim ünvanımıza xoşagəlməz söhbətlərə səbəb olan, uğursuz təqdim edilmiş şəkillər dərc edilir. Məsələn, kürdlərin qarətlər və özbaşınalıqlar törətdiyi kəndlərdə azərbaycanlılarla kürdlər arasında münasibətlərin ən çox kəskinkəşdiyi gərgin bir vaxtda qəzetin son nömrələrindən birinin birinci səhifəsində “Kürd xalqının qəhrəman oğlu” rubrikasında bir kürd zabitinin portreti dərc edilib, sonra isə onun döyüş həyatından epizodlar verilib. Bununla əlaqədar, əhali arasında söhbətlər gedirdi: “Baxın, onlar öz kürdlərini necə tərifləyirlər. (Onlar “öz” sözünü ərazi mənsubiyyəti mənasında deyil, ümumiyyətlə kürdlərin və xüsusən iranlı kürdlərin dəstəklənməsi mənasında işlədirlər).

Bizim fikrimizcə, öz heyətində kifayət qədər təcrübəli və peşəkar işçiləri olan “Vətən yolunda” qəzetinin redaksiyası öz işində olan nöqsanları ən qısa müddətdə aradan qaldıra bilər və bunu etməlidir ki, bu qəzet həqiqətən əhali arasında bizim nüfuzumuzu qaldırsın.

Qəzet haqqında danışarkən İran administrasiyasından olan xanların, tacirlərin və məmurların şəxsində onun əleyhdarlarının olması faktı barədə susmaq olmaz. Bu insanlar hər vasitə ilə qəzetin nüfuzunu aşağı salmağa, onun əhali arasında yayılmasına mane olmağa çalışırlar. Qeyd etmək lazımdır ki, 17/III-1944-cü ildə, yəni Makudakı konsulluğun binası qarşısında antisovet nümayişinin ertəsi gün adətən yüz nüsxəsi satılan qəzetin cəmi 12 nüsxəsi satılmışdı.

1944-cü il oktyabrın 6-da Xoy qəzasının qubernatoru Nəvvab “Vətən yolunda” qəzetinin yayıcısı olan iranlını yanına çağırıb və ona bu qəzetdən ötrü qışqırmamağı və veyillənməməyi təklif edib. Qəzetçi “qışqıran mən deyiləm, qəzet özü qışqırır”, – deyə cavab verəndə qubernator bu cavaba görə hiddətlənib, qəzetçini döyüb, onun qoltuğundakı bir qucaq qəzeti dartıb əlindən alıb, onları cırıb və öz kabinetində tapdalayıb.

Bu faktlar onu göstərir ki, bizim qəzetin ətrafında ona müqavimət göstərən qüvvələr var. Lakin qəzetin tirajının tədricən azalması təkcə bununla deyil, həm də redaksiyanın işindəki, yuxarıda göstərilən nöqsanlarla izah edilir.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Azərbaycan əhalisi arasında Azərbaycan ədəbiyyatının yayılması tamamilə qeyri-qənaətbəxş vəziyyətdədir (demək olar ki, yox dərəcəsindədir).

Ümumittifaq Mədəni Əlaqələr Cəmiyyəti(Moskva mərkəzli və diplomatik statusa malik xarici ölkələrlə “Dostluq” cəmiyyətinin İran nümayəndəliyinin Maku şöbəsi nəzərdə tutulur-A.M.)adətən, rus, fransız dillərində və başqa dillərdə olan ədəbiyyat göndərir, amma fars və Azərbaycan dillərində ədəbiyyat göndərilmir. Lakin müşahidələrimiz göstərir ki, bizim konsul dairəsində bu ədəbiyyata çox böyük tələbat var. Bizə dəfələrlə, xüsusən yerli ziyalılar tərəfindən Məsələn, müraciətlər olub, Azərbaycan dilində ədəbiyyat, məsələn M.S.Ordubadinin “Dumanlı Təbriz” əsərini, Səməd Vurğunun şeirlərini, “Hophopnamə”ni və başqa kitabları əldə etməkdə onlara kömək göstərilməsini xahiş ediblər. Biz təbliğat və təşviqat içində olan bütün bu nöqsanları nəzərə almışıq, SSRİ-nin İrandakı Səfirliyinin I Katibi yoldaş Qoryaçev Makuda ezamiyyətdə olarkən bu nöqsanların aradan qaldırılması məsələsini konkret təkliflər şəklində ona təqdim etmişik”.

Görünür, həm də Əziz Əliyevin təşəbüssü ilə Bağır Seyidzadənin Makudakı məhsuldar fəaliyyəti M.C.Bağırovun nəzərindən qaçmır. Hətta o, onun rus dilində göndərdiyi məktubların çox savadlı yazıldığını xüsusi vurğulayırdı. Çünki, Makudakı konsul M.Mustafayev rus dilini orta səviyyədə bilirdi, ona görə bütün yük fars və rus dilinə daha mükəmməl yiyələnmiş Bağır müəllimin üzərinə düşürdü. Məsələn M,C.Bağırov yazırdı: “Təcili Həsənova, Gildinə, Yemelyanova…

Yoldaş Mustafayev və Seyidzadənin hazırladıqları hesabat Cənubi Azərbaycan haqqında ümumi icmalın yaradılması üçün böyük əhəmiyyət daşıyır…” və sair və ilaxır.

1945-ci ilin avqustunda SSRİ-nin Tehrandakı səfirinin (Mixail Aleksevic Maksimovun) vəzifəsini müvvəqəti icra edən Əhəd Yaqubov Təbrizə gəlir. Onun missiyası İran Xalq Partiyasının (“Tudə”) Azərbaycan şöbəsini Demokrat Partiyası ilə birləşdirməkdən ibarət idi. 1945-ci ilin 3 sentyabrda Azərbaycan Demokrat Firqəsi (Partiyası-A.M.) yarandı. Sentyabrın 6-da M.Bağırov Stalinə aşağıdakı məzmunda məktub göndərir: “Bu gün İran Xalq Partiyasının Təbriz komitəsinin plenumu keçiriləcək. Xalq Partiyasının Azərbaycan şöbəsi Azərbaycan Demokrat Partiyası ilə birləşəcək”.

Artıq Sovet qoşunları İrandan çıxana qədər Cənubi Azərbaycanın İrandan ayrılması istiqamətində işlərə start verilmişdi.

Noyabrın 18-də Təbrizdə 20 min nəfərlik mitinq keçirildi. Mitinqdə Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya və İlhami çıxış edərək polislərə, jandarmlara, əsgərlərə müraciət etdilər: “Siz Azərbaycan xalqının oğulları və bizim qardaşlarımızsınız. Satqın adamlara qulaq asmayın, öz xalqınıza əl qaldırmayın”.


Eyni zamanda Təbriz və Azərbaycanın digər şəhərlərində SSRİ-dən gətirilmiş silahla yerli sakinlər silahlandırılır və üsyançı dəstələr yaradırdılar. Bakı “üçlüyündən” Bağırova üsyançıların silahlandırılması üçün 10 min vahid hərbi sursat göndərilməsi xahişindən ibarət məktublar göndərilirdi.

1945-ci il noyabr ayının ikinci yarısında xalq yığıncaqları vasitəsilə Azərbaycan Milli Konqresinə 687 nümayəndə seçilir.

1945-ci il noyabr ayının 20-də saat 10-da Şiri-Xurşid teatrında Azərbaycan Milli Konqresi öz işinə başladı. Demokrat Partiyasının sədri Seyid Cəfər Pişəvəri və Səttarxanın qardaşı Hacı Əzimxan Milli Konqresin işini açıq elan etdilər. Konqresdə Azərbaycanın muxtariyyətinin və Milli Məclisə seçkilərin əsası qoyuldu.

Milli Konqres iştirakçıları tərəfindən Müəssislər Məclisi elan olundu. Eyni zamanda Milli heyət təsis edildi və tezliklə Milli hökumətin yaradılması planlaşdırıldı.

(ardı var)

Müəllif: Adıgözəl Məmmədov

visiontv.az