Azərbaycan xalqının formalaşması prosesində iştirak edən etnoslardan biri də ingiloylardır. Qafqaz Albaniyası etnoslarından biri – gellərin nəslindən olan ingiloylar hazırda Azərbaycanın şimal-qərb zonasında – Qax, Zaqatala, Balakən rayonlarının ərazisində – Balakən rayonunun İtitala kəndində, Zaqatala rayonunun Əliabad qəsəbəsində, Yengiyan, Verxiyan, Mosul kəndlərində, Qax rayonunun Qaxbaş, Qaxingiloy, Meşəbaş, Əmircan, Əlibəyli, İngiloy Kötüklü, Böyük Alatəmir, Kiçik Alatəmir və Qarameşə kəndlərində toplu halında yaşayırlar. İngiloyların kiçik bir hissəsi də Türkiyədə və Gürcüstanda məskunlaşıb. İngiloyların əksəriyyəti müsəlman, bir qismi isə pravoslavdır.
Visiontv.az məlumat verir ki, əvvəllər müsəlman olan pravoslav ingiloylar XIX əsrin II yarısında xristianlaşdırılıblar. İlkin mənbələrin verdiyi məlumata görə, XIX əsrin 60-cı illərində Əliabad kəndindən 40 ailə Rusiya imperiyasının zorla xristianlaşdırma siyasətinə etiraz əlaməti olaraq Türkiyəyə köçüb gedib. Hazırda onların nəsilləri Adana vilayətinin Ceyhan ilçəsindəki Dağıstan kəndində yaşayırlar. XX əsrin 30-cu illərində isə Qorağan kəndində yaşayan xristian ingiloyların əksəriyyəti Gürcüstana köç edərək Tsiteltskaro rayonunda Samtatskaro (əvvəl- ki adı Anaqar Qorağan) kəndində məskunlaşmışdır. Doğma yurddan və etnos- dan ayrı düşmələrinə baxmayaraq, hər iki kəndin əhalisi özlərinin Azərbaycan etnosu olduqlarını unutmayıblar.
Alban tayfaları ittifaqına daxil olan gel tayfasının günümüzə gəlib çatan varislərinin ingiloyların etnik tarixi az qala iki əsrə yaxındır ki, məqsədli şəkildə təhrif olunub. XIX əsr rus və gürcü tarixşünaslığında ingiloylar islamı qəbul etmiş gellər deyil, “müsəlman gürcülər” kimi təqdim edilirdi. Bu konsepsiyanın tərəfdarlarının fikrincə, ingiloyların islamdan əvvəl xristian olmaları və onların danışıq dilinin gürcü dilinin şərq dialekti olması əsas götürülərək bu etnos «müsəlmanlaşmış gürcülər» hesab edilir. İngiloy etnonimi “yeni yol”, yəni «islamı qəbul edənlər» kimi izah edilir. İngiloy” etnoniminin ilk dəfə yazılı mənbələrdə XVIII əsrin sonlarında qeyd olunduğunu isə onların məhz bu dövrdə islamı qəbul etməsi ilə əlaqələndirirlər.
Bu gün Azərbaycan Respublikasında təxminən 20 mindən çox müsəlman, 8 mindən artıq xristian ingiloy öz mövcudluqlarını qorumaqdadırlar. Zaqatala və Balakən ingiloyları əsasən müsəlman, Qaxda məskunlaşanların isə bir hissəsi xristiandır. Bundan başqa, xristian ingiloylar Qax rayonunun Qaxbaş, Süskənd, Meşəbaş, Zəyəm, Xələf-Tala, Qarameşə, Qımır, müsəlman ingiloylar isə Zaqa- tala rayonunun Əliabad, Mosul, Qandax, Balakən rayonunun İtitala kəndlərində yaşayırlar. Əliabad kəndi yaxınlığındakı Yengiyan kəndində də müsəlman in- giloylar vardır. Qax rayonunun Qorağan, Şotavar, İngiloy-Kötüklü, Qax-İngiloy və Əlibəyli kəndlərində, həmçinin İbaxlı və Əlibəylinin şimalındakı Böyük Alatəmirdə müsəlman və xristian ingiloylar yanaşı, Qum kəndində isə Azərbaycan türkləri və saxurlarla bir yerdə yaşayırlar. Rəsmi linqvistikada müasir ingiloy dili «gürcü dilinin şərq dialekti» hesab edilsə də, hələ XIX əsrin qafqazşünasları onların fərqli olduqları qənaətinə gəliblər.17 İngiloy dilində arxaik dilin izləri də qalmaqdadır. Bir sıra tarixi səbəblər üzündən ingiloylar özlərinin qədim dillərini unutsalar da, alban kimliklərini qoruyub-saxlaya biliblər. Şəki-Zaqatala bölgəsinin alban-ingiloy əhalisinin bir qismi öz etnik tarixi yaddaşına sadiq qalmış, öz mənşəyini, inanclarını və adət- ənənələrini məişətdə və mərasim ayinlərində qoruyub-saxlayıblar. İngiloyların Qorqod, Kürmükoba, Tut nübgəri kimi bir sıra qədim və unikal bayram ənənələri bu gün də yaşamaqdadır. Bu bayramalarda ingiloylar dini mənsubiyyətlərindən asılı olmayaraq birgə iştirak edirlər.
Bünyamin Bünyadzadə