Hazırda dünyada iki qrup ölkə: 1) süni intellektdən sadəcə istifadə edən ölkələr, 2) süni intellekt həlləri, modelləri və xidmətləri istehsal, tətbiq və ixrac edən ölkələr var. Azərbaycan hələ ki, yalnız süni intellektdən istifadə edən ölkələr sırasında yer alır. Ermənistan və Gürcüstan da eyni trekdədir.
Lakin Ermənistan bu qrupdan tezliklə qopmaq və süni intellekt həlləri, modelləri, xidmətləri istehsal edən, tətbiq edən və ixrac edən ölkələr kateqoriyasına daxil olmaq istəyir. Bu, artıq hazırkı Ermənistan dövlətinin başlıca milli prioritetlərindən birinə çevrilib.
Nikol Paşinyan məhz ABŞ şirkətlərinin sıx dəstəyilə Ermənistanı Cənubi Qafqazın süni intellekt üzrə regional mərkəzinə çevirmək üçün canfəşanlıq edir. Ermənistan hökumətinin bugünlərdə Yüksək Texnologiyalar Sənayesi Nazirliyini ləğv edib, onun bazasında Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi yaratması da bu ölkənin süni intellekt sahəsində iddialı hədəflərinin göstəricisidir.
Bəziləri hətta futuristik proqnozlar irəli sürərək, Ermənistanın gələcəkdə məhz süni intellekt həlləri üzərindən Azərbaycanla müharibəyə hazırlaşdığı barədə tezislə çıxış edirlər. Əlbəttə, Ermənistan kimi avantürist və güvənsiz bir ölkədən hər cürə yaramazlıqlar gözləmək olar. Lakin bütün hallarda bu gün Ermənistanın süni intellekt əsaslı müharibəyə hazırlaşması real deyil.
Sadəcə olaraq Paşinyan və onun komanda üzvləri şüuaraltı olaraq dərk edirlər ki, demək olar ki, heç bir təbii resursları olmayan Ermənistanı yalnız texnoloji tərəqqinin sayəsində ayaqda saxlamaq, gələcəyə daşımaq mümkündür. Yəni ki, ermənilərin başqa seçim imkanları və alternativləri olmadığına görə bu gün belə xüsusi canfəşanlıqla, haray-həşirlə süni intellekt sistemlərinə üz tutur, bu sahəyə xüsusi diqqət ayırırlar.
Bizim qardaş türk dövlətləri arasında isə süni intellekt texnologiyalarına keçid sahəsində ən çox fəallıq göstərən ölkələr isə məhz Qazaxıstan və Qırğızıstandır. Qazaxıstanda hətta Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi də yaradılıb. Qırğızıstan isə, ümumiyyətlə, rəqəmsal texnologiyalar və süni intellekt üzrə institusional quruculuq sahəsində bütün Türk dünyasının flaqmanına, aparıcı ölkəsinə çevrilmək iddiasındadır.
Bəs, bizim yaxın hədəfimiz nə olmalıdır?
Bu gün Azərbaycanda süni intellekt iqtisadiyyat və səhiyyədən tutmuş, təhsil və nəqliyyata, dövlət xidmətlərinədək bütün sahələrə sürətlə daxil olur. Odur ki, hazırkı mərhələdə əsas vəzifəmiz, necə deyərlər, bu bazara sürətlə daxil olmaq, bu prosesə daha çevik qoşulmaq, süni intellekt istehsalçılarından birinə çevrilmək və yerli həlləri, modelləri səmərəli tətbiq edə biləcək çox güclü bir ekosistem formalaşdırmaq olmalıdır.
Bəybala Mirzəyev
visiontv.az