Paşinyan 907-cü düzəlişin ləğvində maraqlı deyil
Paşinyan 907-cü düzəlişin ləğvində maraqlı deyil
22.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

Azərbaycan-Ermənistan sülh prosesi başlayanda hamı düşündü ki, Vaşinqton nəhayət 1992-ci ildən qalan utanc ləkəsini, 907-ci düzəlişi ləğv edəcək. Hətta Vaşinqton görüşündən sonra bu proses bir anlıq canlandı da. Ağ Evdən, Dövlət Departamentindən siqnallar gəldi ki, Tramp administrasiyası 907-ci düzəlişi ləğv etmək istəyir. Çünki ABŞ Cənubi Qafqazda yeni səhifə açmaq, Azərbaycanla enerji, tranzit, təhlükəsizlik sahəsində strateji tərəfdaşlığı gücləndirmək istəyir.

Amma proses sonradan nədənsə dayandı. Səbəbini məncə Konqresdə axtarmaq lazımdır. Vaşinqtonda sülhün iki düşməni var. Birincisi Ermənipərəst Konqres və 907-ci düzəlişin müəllifi olan erməni lobbisi, ANCA. Bayden, Adam Şiff, Frenk Pallone kimi ermənipərəst konqresmenlər üçün 907-ci düzəliş sadəcə bir qanun deyil, bu, simvoldur. Onlar üçün Azərbaycanın güclənməsi, ABŞ-Azərbaycan münasibətlərinin normallaşması fəlakətdir. Çünki onların siyasi biznesi Azərbaycan-Ermənistan düşmənçiliyi üzərində qurulub. Ona görə də onlar və tərəfdarları hər dəfə eyni oyunu oynayırlar. Onların marağı İrəvanda sülh deyil, Vaşinqtonda erməni səsi və puludur. İkinci və daha maraqlı düşmən isə bəli Paşinyanın özüdür. Əgər Paşinyan həqiqətən sülh istəyirsə, 907-ci düzəlişin ləğvi üçün ən çox çalışan adam olmalıydı. Çünki bu istiqamətdə Minsk Qrupunun ləğvində presedent yarandı. Azərbaycan dedi ki, bu qrup münaqişəni həll etmir, ləğv edilməlidir. Paşinyan razılaşdı və birlikdə ATƏT-ə müraciət etdilər. Qrup ləğv olundu. Bu, sülhə doğru həmrəylik idi. Bəs onda eyni həmrəyliyi 907-ci düzəlişə görə niyə göstərmir? Paşinyan bir kəlmə Konqresə rəsmi məktub yazsa ki, biz Azərbaycanla sülh müqaviləsi bağlayırıq, Azərbaycan Ermənistanı blokadaya almır, 907-ci düzəlişin hüquqi və siyasi əsası qalmayıb, xahiş edirik ləğv edəsiniz, bu, bütün oyunu dəyişər. Konqresdə erməni lobbisinin əli zəifləyərdi. Amma Paşinyan bunu etmir. Əksinə, daşnakların və erməni lobbisinin yaratdığı Hay Dat komitəsini İrəvana dəvət edir. ANCA-nın rəhbərləri ilə qapalı görüşlər keçirir, Anti-Azərbaycan planlar cızır. Yəni, bir tərəfdən Vaşinqtonda sülhdən danışır, digər tərəfdən İrəvanda sülhə qarşı olan ən radikal diaspora strukturuna yaşıl işıq yandırır.  Bu, Paşinyanın ikili oyunudur. O, Qərbə deyir ki, mən sülh istəyirəm. Amma daxildə və diasporaya da deyir ki, mən hələ də 907-ci düzəliş kimi rıçaqğı saxlayıram ki, sabah Azərbaycanla alver edim. Qısa desəm Paşinyan 907-ci düzəlişin qalmasında maraqlıdır. Bu, ona danışıqlarda psixoloji üstünlük verir. Bu, ona diasporaya baxın, mən hələ də Azərbaycanı sıxışdırıram deməyə imkan verir. Amma 907-ci düzəlişin saxlanması bu gün ABŞ-ın Cənubi Qafqaz siyasətinin ən böyük ziddiyyətidir. Ağ Ev sülh deyir, Konqres müharibə dövrünün qanununu saxlayır. Tramp administrasiyası Bakı ilə tərəfdaşlıq qurmaq istəyir, amma bir qrup konqresmen və İrəvandakı Paşinyan hökuməti buna mane olur. Ona görə əgər Paşinyan həqiqətən sülh istəyirsə, yolu İrəvanda Hay Datla konfrans keçirməkdən yox, Vaşinqtona zəng edib 907-ci düzəlişi ləğv edin deməkdən keçir.

Şöhrət El-Dəniz

visiontv.az