Ekspert: “TEKNOFEST Azərbaycan” intellektual sərmayə üçün böyük addımdır”
Ekspert: “TEKNOFEST Azərbaycan” intellektual sərmayə üçün böyük addımdır”
23.05.2022 Elvin ABBASOV Tərəfindən

"Mayın 26-29-da Bakıda keçiriləcək "TEKNOFEST-Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı intellektual sərmayə üçün böyük addımdır”.

Bunu  tədbirin əhəmiyyətini şərh edən İKT üzrə ekspert Elvin Abbasov deyib.

“Sevindirici haldır ki, “TEKNOFESFT” Türkiyə hüdudlarından kənarda ilk dəfə Azərbaycanda baş tutacaq. Məlumdur ki, informasiya texnologiyaları (İT) hesabına əldə olunan gəlirlər dünyada ən böyük gəlirlərdir. Ölkəmizdə də bir neçə ildir ki, İT sahəsinə böyük önəm verilir, innovasiya ekosisteminin yaranmasına çalışılır.

Bu inkişaf tempindən həm vətəndaşlar, həm sahibkarlar, həm də dövlətimiz qazanclı çıxacaq. Məlumdur ki, sərmayənin milliləşməsi üçün milli resurslar yaratmaq çox önəmlidir. Bu səbəbdən “TEKNOFEST” kimi tədbirlərin ölkəmizdə silsilə halında olması mühümdür. Burada müasir texnologiyaların nümayiş etdirilməsi, yerli startapların və mütəxəssislərin tədbirdə yaxından iştirakı çox sevindirici haldır.

Əlbəttə ki, hər bir ölkənin ən böyük aktivi insandır. Təkmilləşmənin ən fundamental amili intellektual sərmayənin güclənməsidir, yəni insan kapitalı nə qədər kvalivikasiyalı olarsa, o qədər dəyər yaradar. “TEKNOFEST”in ölkəmizdə keçirilməsi uzunmüddətli perspektivdə ölkəmizə yəni milli resurslar qazandıracaq, milli brendlər yaranacaq, mütəxəssislərimizin inkişafına böyük töhfə olacaq. Yerli mütəxəssislərin yaradacağı texnoloji məhsulların milli brendə çevrilməsi, onların qlobal müstəvidə istifadə olunmasını ölkəmiz adına prestijidir", - deyə o qeyd edib.

“TEKNOFEST Azərbaycan” kimi tədbirlərin sayəsində gələcəyin ixtiraçıları kəşf edilə bilər. Bu festivalın mühüm üstünlüklərindən biri də iştirakçılar arasında orta məktəb şagirdlərinin, tələbələrin, məzunların və startapların yer almasıdır. Ümumilikdə 1 000 komanda və 5 000 nəfər festivalda iştirak üçün müraciət edib. Bu tip tədbirin ölkəmizdə gənc smart nəslin formalaşmasında xüsusi önəmi olacaq.

“TEKNOFEST Azərbaycan”ın əhəmiyyətli tərəflərindən biri də odur ki, innovativ ideyalarla çıxış edən gənclərin yerli və xarici investorlara yol tapmasına şərait yaranacaq. “SMART Qarabağ” Hakatonu kimi müsabiqələr yerli və xarici mütəxəssislərin işğaldan azad edilmiş ərazilərdə qurulacaqları “Ağıllı şəhər və kənd” konsepsiyalarına öz töhfələrini vermək üçün unikal şərait yaradacaq. Bu müsabiqələrdə insanlar təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su kəşfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrinə töhfə vermək üçün yarışacaq. Ümumilikdə isə gündəlik 50 min ziyarətçinin iştirakı gözlənilir. “TEKNOFEST Azərbaycan”ın digər əhəmiyyəti isə müxtəlif peşələrə tələbatın müəyyən edilməsidir. Valideynlər övladlarını informasiya texnologiyaları peşələrinə yönəltməklə rəqəmsal peşə seçimlərinə yardımçı ola biləcəklər. Bu isə insan kapitalının güclənməsi deməkdir”, - deyə E.Abbasov fikrini tamamlayıb.

Report