Dünya Kubokunda İranı İtaliya əvəzləsin
03.05.2026

ABŞ prezidenti Donald Trampın yüksəkvəzifəli elçisi futbol üzrə Dünya Çempionatında İranın İtaliya ilə əvəzlənməsini təklif edib. "The Financial Times" Paolo Zampollinin artıq bu barədə FIFA-ya müraciət ünvanladığını yazır.

Zampolli təklifini həm FIFA prezidenti Canni İnfantinoya, həm də turnirə ev sahibliyi edən ölkənin lideri kimi Trampa çatdırıb. Məsələdən agah mənbələrə görə, o, İtaliyanın dördqat dünya çempionu olmasını əsas gətirərək bu komandanın turnirə layiq olduğunu vurğulayıb.

Bu təklifin həm də Tramp ilə İtaliyanın baş naziri Corca Meloni arasındakı gərginliyi aradan qaldırmaq niyyəti güddüyü deyilir. Trampın İran müharibəsi kontekstində Papa XIV Leonu tənqid etməsindən sonra tərəflər arasında münasibətlər pisləşib.

Rəsmi Tehran aprelin 22-də yaydığı bəyanatda çempionata tam hazır olduqlarını və turnirdə mütləq iştirak edəcəklərini bildirib.

"Dörd titulla onların buna haqqı çatır"

İtaliya yığması Dünya Çempionatına vəsiqə qazana bilməyib. Turnir ABŞ, Meksika və Kanadada keçiriləcək.

Zampolli FT-yə müsahibəsində təklifini belə əsaslandırıb: “Mən italiyalıyam və ABŞ-də keçirilən turnirdə "Azzurri"ni görmək arzumdur. Dörd titulla onların buna haqqı çatır".

İtaliya hökuməti və FIFA rəsmiləri bu təklifi dərhal rədd ediblər. İnfantino ötən həftə deyirdi ki, İran komandası çempionatda mütləq iştirak edəcək.

İtaliya yığmasının Bosniya və Herseqovina ilə həlledici pley-off oyunundakı məğlubiyyəti ölkədə ciddi siyasi narazılıq yaratmış, nəticədə İtaliya Futbol Federasiyasının rəhbəri istefa vermişdi.

ABŞ və İsrail İrana hava zərbələrinə başlayandan sonra İran əvvəlcə çempionata getməyəcəyini bildirmişdi. İran tərəfi oyunlarının Kanada və Meksikaya keçirilməsini istəsə də, FIFA təklifi rədd edib.

Tramp da İran futbolçularının ABŞ-yə gəlişinin onlar üçün təhlükəli ola biləcəyini qeyd edib.

ABŞ dövlət katibi Marko Rubio

ABŞ dövlət katibi Marko Rubio

Rubio: 'İranın Dünya Kubokunda iştirakına etiraz etmirik'

ABŞ və İran arasında silahlı münaqişənin getməsinə baxmayaraq, ABŞ hökuməti İran millisinin 2026-cı il FIFA Dünya Kubokunda iştirakına etiraz etmir. Bunu ABŞ dövlət katibi Marko Rubio aprelin 23-də deyib.

"ABŞ onlara gəlməməklə bağlı heç nə deməyib", – Rubio jurnalistlərə bildirib. O əlavə edib ki, oyunçularla birlikdə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli şəxslərin ölkəyə daxil olmasına icazə verilməyəcək.

"Problem İranın idmançıları ilə bağlı deyil. Problem onların özləri ilə gətirmək istədikləri bəzi digər şəxslərlədir ki, onların bir hissəsi SEPAH-la bağlıdır. Biz idmançıları yox, həmin şəxsləri ölkəyə buraxmaya bilərik", – Rubio vurğulayıb.

Rubio xəbərdarlıq edib: "Onlar ölkəmizə bir dəstə SEPAH terrorçusunu gətirib özlərini jurnalist və ya məşqçi kimi təqdim edə bilməzlər".

Vaşinqton SEPAH-ı xarici terror təşkilatı kimi tanıyır.

visiontv.az